Nazir: “25-dən yuxarı Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru və müavinləri işdən azad olunub”

Nazir: “25-dən yuxarı Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru və müavinləri işdən azad olunub”
# 29 dekabr 2013 13:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Son zamanlar Azərbaycanda ünvanlı sosial yardımlarla bağlı şikayətlərin sayı kəskin şəkildə azalıb.

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, iki göstərici ilə - həm nazirliyin Qaynar xətt xidmətinə (102), həm də Baş Prokurorluğun Korrupsiya Qarşı Mübarizə İdarəsinin Qaynar xəttinə gələn müraciətlərlə müəyyən edilib. Nazirin sözlərinə görə, hər iki quruma daxil olan müraciətlərə əsasən azalma müşahidə olunduğunu söyləmək olar: “Baş Prokurorluğa daxil olan müraciətlərin hər biri nazirliyə göndərilir və onların hər biri ilə şəxsən özüm tanış oluram. Müraciətlərin 99 faizi əvvəlki illərdə olan müraciətlərdir və onlar ya yerinə yetirilməyib, ya da onlardan kiminsə nəsə istəməsi nəticəsində həmin adamların çoxunun adı sistemdə yoxdur. Müraciətlərin hər biri nazirliyin daxili nəzarət və sosial təminat şöbələrinə göndərilir. Ümumi sorğular əsasında yerli rayon sosial müdafiəsi mərkəzlərində bu proseslər həyata keçirilir. Artıq indiyədək 25-dən yuxarı sosial müdafiə mərkəzinin direktoru, onların müavinləri, 130 nəfərə yaxın baş məsləhətçi, məsləhətçi və digər işçilər işdən azad olunub”.

Nazir qeyd edib ki, yerlərdə ünvanlı sosial yardımların verilməsi ilə bağlı bütün neqativ halların qarşısının tamamilə alındığını demək olmaz. Onun sözlərinə görə, bəzi yerlərdən hələ də müəyyən informasiyalar daxil olur və xoşagəlməz halların qarşısının alınması üçün lazımi işlər görülür: “Son zamanlar daxil olan müraciətlərə əsasən, Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əvvəl direktor müavini, sonra direktoru və baş məsləhətçisi vəzifələrindən azad olunub. Belə adamlara bizim nazirlikdə yer yoxdur. Bu günlərdə aldığımız məlumatlar əsasında İmişli, Neftçala, Salyan, Qazax rayonlarının Əhalinin Sosial Müdafiəsi mərkəzlərinin rəhbər şəxsləri işdən azad edilib. Xoşagəlməz hallarla bağlı hansı rayondan məlumatlar daxil olursa, ona qarşı tədbirlər görülür və belə tədbirlər gələcəkdə də davam etdiriləcək. Prezidentin də tapşırığı var ki, bu sahədə bütün sistem sağlamlaşdırılmalıdır”.

İşdən azad olunanlar barəsində hər hansı cəza tədbirlərinin görünməsinə gəlincə, nazir qeyd edib ki, onları işdən çıxarmaqla öz missiyasını həyata keçirir: “Onlarla bağlı ciddi araşdırmanın aparılması başqa hüquqi prosedurdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR