AXCP rayon şöbəsi sədrinin müavini: “Partiya rəhbərliyini tənqid etdiyim üçün mənə münasibət dəyişib”

AXCP rayon şöbəsi sədrinin müavini: “Partiya rəhbərliyini tənqid etdiyim üçün mənə münasibət dəyişib”
# 27 may 2015 10:40 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “AXCP-də mənə münasibət çoxdandır, dəyişib. Məni partiya rəhbərliyini tənqid etməkdə ittiham edirlər. Bu onların xoşuna gəlmir".

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon şöbəsi sədrinin müavini Dəyanət Babayev deyib.

O, partiya rəhbərliyini tənqid etdiyi üçün “facebook” səhifəsinin dağıdıldığını iddia edir: “Bundan əvvəlki Məclisdə də mənim partiyadan çıxarılmağımla bağlı məsələ qoyulacaqdı. Lakin Ağaşirin Tanrıverdioğunun məsələsi qoyuldu və onu partiyadan çıxardılar. Həmin vaxt mən buna etiraz edəndə Məclis üzvü Babək Həsənli məni hədələdi. Mən də bu barədə “facebook” səhifəmdə yazandan sonra profilim dağıdıldı və deaktiv edildi. Hesab edirəm ki, səhifəm AXCP tərəfindən dağıdılıb. Dünən mən bu məsələnin araşdırılması üçün Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmişəm. Mənə qarşı partiya tərəfindən aqressiyanın yaranma səbəbini özüm də anlamıram. Mənə deyirlər ki, partiya rəhbərlinin siyasətini tənqid etdiyim üçün bu münasibət formalaşıb”.

D. Babayev partiyadan istefa verəcəyini də istisna etməyib: “Mənə qarşı bu münasibətdə AXCP rəhbərliyinin rolu var. Mənə deyirlər ki, dövlət saytlarına açıqlama vermə, versəm, partiyadan qovulacağam. Mən qəti qərar vermişəm ki, profilimi dağıdanların AXCP funksionerləri olduğu sübuta yetirilərsə, həmin gün partiyadan istefa verəcəyəm”.

AXCP-nin Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli isə APA-ya açıqlamasında D. Babayevin ittihamlarının araşdırılacağını və müvafiq qərar veriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR