Gəncədə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Gəncədə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 03 sentyabr 2014 08:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Gəncə şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF avqustun 29-da Gəncə şəhərində “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirib.

Forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Gəncə şəhəri üzrə sahibkarlıq subyektlərindən ixtisaslaşdırılmış yaşıl marketin, müasir logistik mərkəzin, müasir istixana kompleksinin və kiçik plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələri fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR