Süni qiymət artımına görə həbs edilən şirkət rəhbəri və menecerinin məhkəməsi başlayıb

Süni qiymət artımına görə həbs edilən şirkət rəhbəri və menecerinin məhkəməsi başlayıb
# 01 iyun 2016 09:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda süni qiymət artımına görə saxlanılan “Alfa Med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və cəmiyyətin satış üzrə meneceri İbadulla Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin baxış iclası iyunun 7-nə təyin edilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında həyata keçirilmiş tədbirlər nəticəsində “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib. Cəmiyyətin anbarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub. Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma) maddələri ilə ittiham olunurlar.

Ə.Xudaverdiyev Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının assistenti vəzifəsini də tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR