ADA Universitetində aqrar sahədəki problemlər müzakirə olunub

ADA Universitetində aqrar sahədəki problemlər müzakirə olunub
# 21 iyun 2016 09:23 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün ADA Universitetində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" çərçivəsində "Kənd təsərrüfatına strateji baxış: Rəqabət, ərzaq təhlükəsizliyi və sosial aspektlər" mövzusunda müzakirələr keçirilib.

"APA-Economics"in məlumatına görə, ADA Universitetinin rektoru Hafiz Paşayev deyib ki, iqtisadi islahatlar ölkə üçün mühüm əhəmiyyət kəsb edir: "Bilirsiniz ki, neftdən əldə etdiyimiz gəlirlər azalıb. Neft gəlirlərinin azalması iqtisadi islahatlar üçün təkan rolunu oynayır. Eyni zamanda, düşüncəmizi də dəyişmişik, büdcə xərclərimizi azaltmışıq".

Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektoru müdiri Elxan Mikayılov isə bildirib ki, "Strateji yol xəritəsi" üzrə yaradılan işçi qrupu tərəfindən intensiv iş aparılır: "Artıq xəritənin hazırlanması üzrə birinci mərhələ tamamlanıb. Bu mərhələ çərçivəsində 11 sektor üzrə beynəlxalq təcrübə öyrənilib və 10 kitab çap olunaraq müvafiq dövlət orqanlarına təqdim olunub. Artıq ikinci mərhələyə start verilib. Bu mərhələdə həmin uğurlu beynəlxalq təcrübədən qaynaqlanaraq 11 sektor üzrə Azərbaycanda növbəti 5 il ərzində milli iqtisadiyyatın strategiyası, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr üçün baxışın müəyyənləşdirilməsi aparılır".

Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsi inkişaf etdiyini bildirən E. Mikayılov qeyd edib ki, buna baxmayaraq bu sahədə bir sıra çətinliklər mövcuddur: "Bunlardan ən əsası kadr çatışmazlığı ilə bağlıdır. Regionlarda fermerlərin ən böyük problemlərindən biri onların kadr və biliyə çıxışının olmamasıdır. Artıq bu zərurətin fermerlər tərəfindən hiss olunması məsələnin nə qədər ciddi olduğundan xəbər verir. Digər bir problem bazarlara çıxışla bağlıdır. Bu isə kənd təsərrüfatı istehsalçılarının korporativləşməsi zərurətini ortaya qoyur. Başqa məsələ isə texnologiyaya və innovasiyalara çıxış məsələsidir. Bundan başqa, məhsullarımızın rəqabətqabiliyyətli olmaması, beynəlxalq standartlara cavab verməməsi Azərbaycan kənd təsərrüfatı məhsullarının ixrac çərçivəçini əsasən MDB ölkələri ilə məhdudlaşdırır. Artıq Rusiya, Qazaxıstan və MDB ölkələri öz məhsullarını yaxın 3-5 il ərzində milli standartlarını beynəlxalq standartlara uyğunlaşdıracaqlar. Bu o deməkdir ki, Rusiya bazarında Azərbaycan məhsullarına münasibətdə Avropa bazarında olan tələb qoyulacaq. Bu, Azərbaycanın Rusiya bazarına rahatlıqla çıxardığı məhsulların ixracında da yeni çətinlik yaradacaq. Buna görə, biz beynəlxalq standartlara cavab verən məhsul istehsalına bu gündən başlamalıyıq".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə deyib ki, kənd təsərrüfatı sahəsində mükəmməl idarəetmənin tətbiqi ən vacib məsələlərdən biridir. "Bu istiqamətdə 3D ölçülü yanaşması mövcuddur. Bu yanaşmalardan biri Azərbaycanın regionları, qlobal və regional dəyər zənciri və məhsul üzrə yanaşmadır. Bu istiqamətdə biz hansı regionda hansı məhsulu istehsal edərək regional və qlobal dəyər zəncirində nəyə qoşulmağımızı təyin edə bilərik. İkinci yanaşma rəqabət qabiliyyəti, ərzaq təhlükəsizliyi və sosial aspektlədir. Üçüncü yanaşma qlobal miqyasda gedən proseslərdən ibarətdir. Bura isə sənaye inqilabı və kənd təsərrüfatının sənayeləşməsi, qlobal istiləşmə və əhalinin artımı aiddir. Bu 3D ölçülü yanaşmanın çətiri isə institusional islahatdır. BMT-nin hesablamalarına görə, Azərbaycan əhalisi 2050-ci ildə 12,1 milyon nəfər olacaq. Adambaşına düşən kilokalori istifadəsi 2800-dən 3050-yə qədər artacaq. Bu o deməkdir ki, Azərbaycanda 2050-ci ilə ərzaq tələbatı 70% genişlənəcək. Biz də düşünməliyik ki, 70% artan ərzaq tələbatını daxili resursların hesabına hansı şəkildə ödəyə bilərik”, - deyə V. Qasımlı qeyd edib.

"KPMG Azərbaycan" audit şirkətinin rəhbəri Vüqar Əliyev Azərbaycanda mühüm islahatlar dövrünün başlandığını vurğulayıb: "Azərbaycanda kənd təsərrüfatı sahəsi vergidən azad olunub. Bu isə aqrar sahənin daha da inkişafına mühüm töhfə verir. Azərbaycanda xammal istehsalının daha da artırılmasına nail olmaqla kənd təsərrüfatının daha da inkişafına nail olmaq olar".

Kənd Təsərrüfatı Nazirliyinin İcmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə qeyd edib ki, 2014-cü ildən ölkədə aqrar sahədə islahatlara başlanıb və bu islahatlar öz bəhrəsini verməkdədir: "Bu ilin 5 ayında Azərbaycanda kənd təsərrüfatı sahəsi 5,8% artıb. Hesabat dövründə kənd təsərrüfatı məhsullarının ixracı 54% artıb. Biz ilin sonuna kənd təsərrüfatında ikirəqəmli artımın olacağını gözləyirik. Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracının artmasında ən mühüm amil Rusiyanın Türkiyə və Avropa ölkələrinə tətbiq etdiyi sanksiyalarla əlaqədardır. Amma nəzərə almaq lazımdır ki, 3-5 ildən sonra Rusiya bu sanksiyaları aradan qaldırsa, Azərbaycan Rusiya bazarlarında hakim mövqeyi əldən verməli olacaq. Bunun üçün mütləq satış dayanıqlığına nail olmaq lazımdır. Bir misal çəkmək istəyirəm. Azərbaycan fındığının keyfiyyəti Türkiyə fındığına nisbətən daha keyfiyyətlidir. Buna görə, Rusiyada Azərbaycan fındığı 14 min dollara, Türkiyə fındığı isə 7 min dollara satılır. Amma Rusiyada fəaliyyət göstərən xarici şokolad fabrikləri Türkiyə fındığına üstünlük verir. Çünki, həmin şirkətlər eyni dildə danışır. Bu, Türkiyə məhsullarının müvafiq sertifikatlarının olması ilə bağlıdır. Bu istiqamətdə də mütləq tədbirlər görülməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR