Xədicə İsmayılovanın məhkəməsi davam etdirilib

Xədicə İsmayılovanın məhkəməsi davam etdirilib
# 19 avqust 2015 15:29 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi proses cinayət işində olan sənədlərin tədqiqi ilə davam etdirilib. Bəzi sənədlər elan olunub.

Daha sonra Xədicə İsmayılovanın vəkili Fariz Namazlı təkrar kompleks məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi və Bakı Vergilər Departamentinin aralıq aktını tərtib edən əməkdaşlarının prosesdə ifadə verməsi barədə vəsatətlər qaldırıb.

Məhkəmə ikinci vəsatəti təmin edib.

Prosesdə fasilə elan olunub.

Fasilədən sonra Bakı Vergilər Departamentinin vergi müfəttişi İmran Nurməmmədov ifadə verib. O, aralıq aktını hansı əsaslarla tərtib olunması barədə X. İsmayılova və onun vəkillərinin suallarını cavablandırıb.

Proses sabahadək təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Azadlıq Radiosu” və “Meydan" TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

T. Mustafayev Baş Prokurorluğa müraciət edərək, “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib.

Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb.

Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR