“Şamaxı qırmızı terrorun hədəfində” kitabının təqdimatı olub - FOTO

“Şamaxı qırmızı terrorun hədəfində” kitabının təqdimatı olub   - <span style="color: red;">FOTO
# 27 dekabr 2012 16:56 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü ilə çap edilən “Şamaxı qırmızı terrorun hədəfində” (1930-40-cı illər repressiyaları) kitabının təqdimat mərasimi olub. APA-nın məlumatına görə, dekabrın 27-də Şamaxı şəhər Mədəniyyət evində keçirilən tədbirdə çıxış edən Elxan Süleymanov qeyd edib ki, onun təşəbbüsü ilə ötən ildən Şamaxının XX əsr tarixinin araşdırılması ilə bağlı layihəyə start verilib. Ötən il bu layihə çərçivəsində “Azərbaycanda erməni vəhşiliyi–Şamaxı soyqırımı (1918-ci il)” adlı beynəlxalq konfransı keçirilib, Azərbaycan və ingilis dillərində “Şamaxı soyqırımı–1918-ci il” kitabı nəşr edilib. “Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illər repressiyaları)” kitabı da həmin layihənin tərkib hissəsidir. Millət vəkili bildirib ki, Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda 1930-40-cı illərdə sovet hökumətinin Şamaxıda həyata keçirdiyi repressiyalardan, xüsusilə Təklə faciəsi və “Şamaxı prosesi”ndən ətraflı bəhs olunub. Kitabda həmçinin, sovet repressiya aparatının qurbanı olmuş şamaxılılar haqqında geniş məlumat verilib.

Kitabın həmmüəllifləri - tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı, millət vəkili Elxan Süleymanovun Şamaxıdakı qərargahının rəhbəri Dəyanət Musayev kitab haqqında ətraflı danışıblar. Bildirilib ki, 1930-40-cı illərdə Şamaxıda həyata keçirilən repressiyalar Azərbaycanda Çar Rusiyasının yeritdiyi müstəmləkə siyasətinin davamı olub. Həmin repressiya siyasəti əvvəlki illərdə həyata keçirilən anti-Azərbaycan, anti-türk siyasətinin tərkib hissəsi idi.

Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, repressiya qurbanı Hüseynbaba Zərbəliyevin oğlu Süleyman Zərbəliyev, “Şamaxı prosesi”ndə saxta ittihamla həbs olunan Şamaxı rayon prokuroru Əhməd Əmirovun nəvəsi, hüquqşünas Arzuxan Əlizadə çıxış edərək kitabın əhəmiyyətindən bəhs edib, onun 1930-40-cı illərdə Şamaxıda aparılan repressiyaların üzərinə işıq salmaqla geniş ictimaiyyətə məlum olmayan hadisələri araşdıran dəyərli tədqiqat əsəri kimi qiymətləndiriblər.

Natiqlər rayon ərazisində baş verən repressiyaların mahiyyətindən bəhs ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR