Şirvan şəhərində sahibkarlara güzəştli kreditlər verilib

Şirvan şəhərində sahibkarlara güzəştli kreditlər verilib
# 19 aprel 2013 12:18 (UTC +04:00)

Bakı – APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsində keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.

Tədbirdən əvvəl SKMF-in güzəştli kreditləri hesabına maliyyələşdirilmiş İmişli rayonunun Qaragüvənli kəndində “Araz Damazlıq” MMC-nin quşçuluq fabrikinin fəaliyyətinə və tikintisinə yeni başlanılmış korpusda aparılan işlərə baxış keçirilib.

“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində SKMF tərəfindən Şirvan şəhərinin iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən prioritet hesab olunan kiçik və orta həcmli istixana və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunub.

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulamış, regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramlarının xüsusi rolunu qeyd edib. Bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Şirvanda da quruculuq-abadlıq işləri geniş vüsət alıb, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri, yeni iş yerləri açılıb. Dövlət Proqramının icrası hazırda da uğurla davam etdirilir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov əlverişli biznes və investisiya mühitinin yaradılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Şirvanda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 923 investisiya layihəsinin maliyyələşdirilməsinə 97,8 mln. manat güzəştli kredit verildiyini, bu kreditlər hesabına 3200-ə yaxın yeni iş yerinin yaradılacağını qeyd edib. Bildirilib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5470-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 275,9 milyon manat güzəştli kreditlər verilib. Tədbirdə həmçinin Şirvan şəhərinin sənaye potensialının reallaşdırılması ilə bağlı müzakirələr aparılıb və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Şirvan şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkara 2,9 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 130-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ayrılmış kreditlər kənd təsərrüfatı sahəsində sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR