“Şuşa - əsirlikdə olan mədəniyyət şəhərimiz” adlı anım tədbiri keçirilib - FOTOSESSİYA

“Şuşa - əsirlikdə olan mədəniyyət şəhərimiz” adlı anım tədbiri keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 03 may 2013 15:31 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan Təhsil Nazirliyi, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi və Şuşa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 21-ci ildönümünə həsr olunmuş “Şuşa - əsirlikdə olan mədəniyyət şəhərimiz” adlı anım tədbiri keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirlərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin, dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin, QHT nümayəndələrinin və Şuşa rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbir İlyas Əfəndiyev adına “Elitar Gimanziya”da baş tutub.

Qonaqlar öncə məktəbin həyətində və foyesində Şuşanın tarixindən və mədəniyyətindən bəhs edən sərgi ilə tanış olub, daha sonra onlara Şuşa şəhərinin tarixinə həsr olunmuş film nümayiş olunub.

Tədbiri giriş sözü ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq, erməni qəsbkarlarının Azərbaycan xalqının başına gətirdiyi faciələrdən və Şuşanın işğal olunmasından danışıb. O bildirib ki, Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağ bölgəsi çox zəngin tarixi və mədəniyyəti ilə bütün dünyada tanınır. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyona yaxın məcburi köçkünü öz doğma yurd-yuvasından didərgin salması ilə yanaşı, bu ərazilərdəki mədəni irsimizə də ağır zərbə vurulub, tarixi abidələr talan edilib. Bu baxımdan dünya mədəniyyət irsinin nadir nümunələri sayılan Qarabağdakı, o cümlədən Şuşadakı mədəniyyət nümunələrimizin talan edilməsi dünya ictimaiyyətinin də daim diqqət mərkəzində olmalıdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Məmməd Məhərrəmov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti və Azərbaycan xalqının başına gətirilən bu cür faciələr daim dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Elman Məmmədov tədbirdə iştirak edən xarici ölkə səfirlərini, beynəlxalq qurumlarının nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsinin həllində ədalətli mövqe tutmağa çağırıb.

Sonda tədbir iştirakçılarına Şuşa Dram Teatrının və Şuşadan olan məktəblilərin birgə hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR