Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın əldə etdiyi məlumata görə, Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, təqsirləndirilən Zülfüqar Mansurov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 min manat cərimə cəzasına məhkum edilib.
Məhkəmə həbsdə olduğu müddəti nəzərə alaraq ona qəti olaraq 6 min manat cərimə cəzası tətbiq edib.
Xatırladaq ki, Zülfüqar Mansurov ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla bağlı saxlanılmışdı.
Sonradan o, həbsdən azad olunub.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev də saxlanılmışdı.
Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülmüşdü.