Azərbaycanın bölgələrində genişzolaqlı internetlə bağlı istifadəçilərlə görüşlər keçirilir

Azərbaycanın bölgələrində genişzolaqlı internetlə bağlı istifadəçilərlə görüşlər keçirilir
# 11 mart 2013 12:11 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi genişzolaqlı internetin təbliği, tələbatın öyrənilməsi, mövcud və ya yarana biləcək problemlərin operativ aradan qaldırılması və profilaktik tədbirlərin görülməsi məqsədilə regionlarda istifadəçilərlə birbaşa görüşlərin təşkil olunmasına başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, ilk belə tədbir Xaçmazda keçirilib. Görüşdə elektron xidmətlərdən istifadə və sürətli internetin digər üstünlükləri barədə ətraflı məlumat verilib, Birliyinin şimal bölgəsində – Quba, Xaçmaz və Qusar telekommunikasiya qovşaqlarında görüləcək işlər ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, 2013-2015-ci illər ərzində Quba, Xaçmaz və Qusar rayonlarında müvafiq olaraq 11 872, 11 264, 5 392 nömrə tutumlu və 7 992, 7 248, 3 600 ADSL portlu yeni elektron ATS-lərin tikintisi nəzərdə tutulub.

Həmçinin, Birlik rabitənin, xüsusən də internet xidmətlərinin dayanaqlığını və keyfiyyətini yüksəltmək məqsədilə digər tədbirlər görməyi, optik kabellərin çəkilişini, əlavə avadanlıqların quraşdırılmasını planlaşdırır.

Xatırladaq ki, ümumilikdə 2013-2015-ci illər ərzində «Aztelekom» regionlarda 300 min nömrənin yenidən qurulması şərti ilə ən yeni texnologiyaya əsaslanan platformaları dəstəkləyən 600 min nömrənin, 500 mindən artıq genişzolaqlı internet xəttinin istifadəyə verilməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR