Mixail Saakaşvili: “Gürcüstan dövlətçiliyi məhvə doğru gedirsə, susmaq niyyətində deyiləm”

Mixail Saakaşvili: “Gürcüstan dövlətçiliyi məhvə doğru gedirsə, susmaq niyyətində deyiləm”
# 28 yanvar 2013 23:27 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. “Gürcüstan dövlətçiliyi məhvə doğru gedirsə, susmaq niyyətində deyiləm”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan prezidenti Suxumi Dövlət Universitetinin müəllim və tələbələri qarşısında çıxış edərkən söyləyib. O, ölkədə baş verən son hadisələrə münasibətini də bildirib: “Son hadisələrə nəzər salmaq istəyirəm. Bildiyiniz kimi, həbsxanadan çox təhlükəli cinayətkar olan Çaxalyan azad edilib. Bizə hücumlar olub ki, bəs, əgər o, dövlət üçün təhlükəli cinayətkar idisə, nə üçün onu separatçı kimi mühakimə etmədiniz?”.

Gürcüstan prezidenti bildirib ki, erməni fəalı Vahan Çaxalyan daha 5 il həbsxanada yatsaydı və sonra azadlığa çıxsaydı, onun Gürcüstan üçün heç bir təhlükəsi olmazdı. “Lakin biz bir nəfəri həbsxanaya salmaqla problemləri həll edə bilmərik. Amma biz Cavaxetidə bir sıra vacib problemləri həll etdik”.

Saakaşvili Cavaxeti bölgəsi üçün çox işlər gördüklərini, ən başlıcası, yeni yol çəkərək bu regionu Batumi ilə və ölkənin digər şəhərləri ilə birləşdirdiklərini bildirib. “Bu illər ərzində biz bu regionda Gürcüstan dövlətini qurduq. “Qızılgül” inqilabından əvvəl bu regiona bir polis də daxil ola bilmirdi. Mənə 2 il lazım oldu ki, burada qayda-qanun yaradım. Biz yol çəkərək regionu Batumi ilə, Yerevanla, Tiflislə birləşdirdik. Hətta indi Gürcüstanı Avropa ilə birləşdirən bu regiondan keçəcək beynəlxalq dəmiryolu da tikilir. Məhz buna görə də mən çox çətinliklə qurduğumuz Gürcüstan dövlətçiliyini uçuranlara qarşı səsimi ucaldıram”, deyə prezident bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR