Allahşükür Paşazadə: "Bəşəriyyəti təhdid edən terror bəlasından yalnız birgə səylərlə qurtula bilərik”

Allahşükür Paşazadə: "Bəşəriyyəti təhdid edən terror bəlasından yalnız birgə səylərlə qurtula bilərik”
# 19 noyabr 2015 12:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Biz terrorun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, beynəlxalq terrorizmə qarşı aparılan mübarizəni dəstəkləyirik. Uca Yaradanımızın yaratdığı müqəddəs dəyər olan insan həyatına qəsd edənlərin nə dini, nə milli mənsubiyyəti yoxdur. Terror bəşəriyyəti təhdid edən ümumi bəladır və bu bəladan yalnız birgə səylərlə qurtula bilərik”.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bunu idarə sədri, şeyxülislam Allahşükür Paşazadə İsveç Krallığının paytaxtı Stokholmda keçirilən “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” adlı elmi konfransda bildirib. Şeyxülislam qeyd edib ki, son günlər Livanda, Sinayda, ələlxüsus, Avropanın mərkəzində - Fransada baş verən terror aktları bir daha sübut edir ki, mədəniyyətlərarası, dinlərarası dialoq sahəsində hələ çox iş görülməlidir: “Bu, indiki narahat dövrdə - multikulturalizm ideyalarının bəzi ölkələrdə lazımınca dəyərləndirilmədiyi məqamda xüsusilə əhəmiyyətlidir. Dünyanı lərzəyə gətirən terror hadisələri bizi hədsiz narahat edir. Terrordan, təcavüzdən əziyyət çəkmiş Azərbaycan xalqı bu bəlanın nə olduğunu yaxşı bilir. Ötən əsrin sonlarında erməni ekstremistləri tərəfindən əzəli Azərbaycan torpaqlarında etnik təmizləməyə məruz qalmış, Xocalı soyqırımını yaşamış biz azərbaycanlıların həyəcan təbili, təəssüflər olsun ki, dünya birliyi tərəfindən vaxtilə lazımi diqqətlə qarşılanmadı. Arzu edərdim ki, dünya birliyi – siyasi liderlər, beynəlxalq təşkilatlar, dini rəhbərlər birləşərək multikultural dəyərlərin zəfərini, ümumi evimizdə sabitlik və əmniyyəti təmin etsinlər. Bütün bunların fövqündə, milli-mənəvi dəyərlərinə sadiq, demokratik dünyəvi dövlət olan Azərbaycan öz multikultural dövlət modelini qloballaşan dünyaya təqdim edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR