Avropa İnvestisiya Bankı Azərbaycanda müxtəlif layihələrin maliyyələşdirilməsində maraqlıdır

Avropa İnvestisiya Bankı Azərbaycanda müxtəlif layihələrin maliyyələşdirilməsində maraqlıdır
# 07 noyabr 2014 14:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa İnvestisiya Bankının vitse-prezidenti Vilhelm Moltereri qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev Azərbaycanın beynəlxalq maliyyə və iqtisadi qurumlarla uğurla əməkdaşlıq etdiyini, Avropa İnvestisiya Bankı ilə əməkdaşlığın da səmərəli olacağına ümidvar olduğunu qeyd edib.

Ş. Mustafayev Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritet olduğunu, hazırda bir sıra infrastruktur layihələrinin həyata keçirildiyini və sənaye parklarının yaradıldığını, bu istiqamətlər, eləcə də digər sahələr üzrə Bankla əməkdaşlıq edilə biləcəyini diqqətə çatdırıb.

V. Molterer bankla Azərbaycan arasında əməkdaşlığın qurulması baxımından Çərçivə Sazişinin imzalanmasının əhəmiyyətini qeyd edib, bankın kiçik və orta sahibkarlığın inkişafı məqsədilə Azərbaycanın özəl banklarına kredit ayrılmasının davam etdiriləcəyini bildirib.

Bank rəhbəri rəhbərlik etdiyi maliyyə qurumunun Azərbaycanla əməkdaşlıqda, müxtəlif layihələrin maliyyələşdirilməsində maraqlı olduğunu və Bank tərəfindən müvafiq təkliflərin təqdim ediləcəyini bildirib.

Qeyd edək ki, 2013-cü ildə Brüsseldə Azərbaycan ilə Avropa İnvestisiya Bankı arasında Çərçivə Sazişi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR