Ötən gün Lənkəranda baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.
Lənkəran rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin APA-nın cənub bürosuna verdiyi xəbərə görə, Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (kişi) 28.11.2026-cı il tarixində saat 02:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
***
saat 02.54
Lənkəranda baş verən qəzada 25 yaşlı sürücü ölüb, həmyaşıdları xəsarət alıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə Lənkəran şəhər sakini 2001-ci il təvəllüdlü Vüqar İlqar oğlu Ağazadə sükanı arxasında olduğu "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil hasara çırpılaraq yanıb.
Qəza nəticəsində sürücü V. Ağazadə hadisə yerində ölüb. Avtomobildə sərnişin qismində olanlar Lənkəran şəhər sakinləri 2001-ci il təvəllüdlü Elvin Ənvər oğlu Məmmədli və İsmayıl Azər oğlu Rüstəmli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Qeyd edək ki, qəza nəticəsində həyatını itirən sürücü Vüqar Ağazadənin valideynlərini uşaq yaşlarında itirdiyi və yaxın qohumlarının himayəsində böyüdüyü bildirilir.
***
01:16
Lənkəranda baş verən qəzada avtomobil yanıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran şəhərinin "Ləvəngi dairəsi" adlanan ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi xalça fabrikinin hasarına çırpılıb və avtomobildə yanğın olub.
Qəza nəticəsində hadisə yerində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə hissəsinin iki texnikası və canlı qüvvəsi, eləcə də Cənub Regional Mərkəzin xilasediciləri, polis əməkdaşları cəlb olunublar.
Yanan avtomobil söndürülüb. Nəqliyyat vasitəsində bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.