FHN DYNX Şəmkirdə maarifləndirmə tədbirləri keçirib

FHN DYNX Şəmkirdə maarifləndirmə tədbirləri keçirib
# 19 noyabr 2014 11:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Fövqəladə Hallar Nazirliyinin (FHN ) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Şəmkir rayonunda əhalinin təhlükəsizliyinin təmin edilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədilə tədbirlər keçirib.

DYNX-dan APA-ya verilən məlumata görə, tədbir Xidmətin Yanğına qarşı təbliğat şöbəsi və Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə baş tutub. Şəmkir rayonunda Qaz İstismar Sahəsi, Mənzil İstismar Kontoru və Gəncə Regional Elektrik Şəbəkə MMC-nin Şəmkir Elektrik Şəbəkəsinin işçiləri ilə birgə yaşayış massivlərində keçirilən təbliğat xarakterli tədbirlərdə sakinlərə bildirilib ki, bəzən qaz cihazları düzgün quraşdırılmadığından, onların istifadəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmadığından, cihazların istismarı zamanı müəyyən qayda pozuntularına yol verildiyindən, bəzi sakinlər qaz borularının yerinə rezin borulardan istifadə etdiyindən və sobalarının daha yaxşı yanması üçün sobada quraşdırılan avtomatik təhlükəsizlik qurğularını çıxardıqlarından nəticədə bədbəxt hadisələr baş verir.

Qaz istehlakçıları ilə görüşlərdə bildirilib ki, satış müəssisələrindən əldə edilən məişət cihazlarının müvafiq sənədləri (texniki pasportu, uyğunluq sertifikatı və s.) olmalı, alıcı isə ondan istifadə qaydalarını bilməli, qaz cihazlarını quraşdırdıqda mütləq qaydada bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərə müraciət edilməli, tüstü bacaları mütəmadi olaraq təmizlənməlidir.

Sakinlər arasında yanğına qarşı təbliğat xarakterli söhbətlərdə baş vermiş yanğın hadisələrinin böyük əksəriyyətinin elektrik qurğularının istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması üzündən baş verdiyi xüsusi olaraq vurğulanıb, artıqyüklənmə, qısaqapanma, izolyasiyanın pozulması, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsi, montaj işlərindəki səhvlər yanğın təhlükəsizliyinə zidd hallar kimi yanğınların baş verməsinə şərait yaratdığı diqqətə çatdırılıb və bildirilib ki, elektrik qurğularının istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsindən uzaq olmaq üçün bütün qaydalara əməl olunması vacibdir.

Tədbirlərdə qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini istehlakçıların nəzərinə çatdırmaq məqsədi ilə FHN DYNX tərəfindən hazırlanmış buklet və plakatlardan istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR