Bakıda Azərbaycan-Yunanıstan investisiya konfransı keçiriləcək

Bakıda Azərbaycan-Yunanıstan investisiya konfransı keçiriləcək
# 21 fevral 2013 07:38 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Martın 6-8-də Bakıda Azərbaycan-Yunanıstan investisiya konfransı keçiriləcək. Tədbir Yunanıstan-Azərbaycan Ticarət və İqtisadiyyat Palatasının təşkilatçılığı və «Nomos Travel» turizm təşkilatı ilə əməkdaşlıq vasitəsilə təşkil edilib.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, Yunanıstan-Azərbaycan Ticarət və İqtisadiyyat Palatasının əsas məqsədi transmilli korporasiyalar vasitəsilə Azərbaycanda iş görmək istəyən Yunanıstan şirkətlərinin ticarət və kommersiya əlaqələrinin inkişafına yardımçı olmaqdır.

Bakıda keçiriləcək investisiya konfransında müxtəlif sahələrdə fəaliyyət göstərən iki ölkənin şirkətləri bir araya gələcək və onlar arasında ikitərəfli görüşlər keçiriləcək. Tədbirin işinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu «Azpromo) və Yunanıstanın Bakıdakı Ticarət və Biznes Əlaqələri Bürosu da dəstək verəcək. Konfransa qatılan yunan şirkətləri öz məhsullarını təqdim etmək, Azərbaycan şirkətləri ilə əlaqələr yaratmaq, Azərbaycanda təmsil olunmaq, Yunanıstandakı investisiya imkanlarını nəzərə çatdırmaq, yerli idxal biznesinin imkanları ilə tanış olmaq, eləcə də Azərbaycan investorlarını Yunanıstana dəvət etmək imkanı qazanacaqlar.

Konfransda iqtisadiyyatın demək olar ki, bütün sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə ediləcək. Bura turizm, səhiyyə, sənaye, inşaat, tikinti, ticarət, xidmətlər, gəmiçilik, qida, ərzaq/içki, enerji, kənd təsərrüfatı (balıqçılıq, heyvandarlıq, biotexnalogiya), informatika (telekomunikasiya, avtomatizm), ətraf mühit, təhsil, nəqliyyat, neft-qaz, media kimi sektorlar aiddir.

Bundan əlavə, iştirakçılar Yunanıstan və Azərbaycanın mədəniyyəti, mətbəxi və məhsulları ilə yaxından tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR