Salyanda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Salyan rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 27-də Salyan rayonunun Sarvan kənd sakini 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri 1966-cı il təvəllüdlü Ağababa İsmayılov, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, P.İsmayılov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***
14.44
Oktyabrın 27-də saat 13:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın Mil-Muğan bürosuna TƏBİB-dən bildirilib.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat icra olunur. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir", məlumatda deylir.
***
13.59
Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sarvan kəndində ailə münaqişəsi zəminində qeydə alınıb.
1998-ci il təvəllüdlü Pərvin İsmayılov anasını, atası, 1966-cı il təvəllüdlü Ağabala İsmayılovu və qardaşının həyat yoldaşı, 1988-ci il təvəllüdlü Təranə İsmayılovanı bıçaqlayıb.
Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.