Azərbaycanda tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi qaydaları təsdiq olunub

Azərbaycanda tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi qaydaları təsdiq olunub
# 23 aprel 2013 12:55 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti (NK) "Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları"nı təsdiq edib. Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, yeni qaydalara əsasən tutulmuş və ya həbs edilmiş şəxs tutulduğu və ya həbs edildiyi andan 24 saat müddətində həbs yerinin tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilir, hər bir qəbul edilən şəxsə tibbi kitabça tərtib olunur. Həbs yerində tibb işçisi olmadıqda, ərazi üzrə dövlət tibb müəssisəsindən tibb işçisi dəvət edilir.

Törədilmə vaxtından asılı olmayaraq, tibbi kitabçada ilkin müayinə zamanı aşkar edilmiş bədən xəsarətlərinin ətraflı təsviri qeyd edilir. Həbs edilmiş şəxslərin boy, çəki, bədən hərarəti, arterial qan təzyiqi, nəbzi, huşu, dəri örtüyü ilə bağlı müayinələr aparılmalı, zöhrəvi xəstəliklərə, qan qrupuna və İİV-yə (insanın immunçatışmazlığı virusuna) görə laboratoriya, döş qəfəsi orqanlarının rentgenoloji müayinəsinin nəticələri kitabçada qeyd olunmalıdır. Diaqnozun müəyyən edilməsi üçün göstərilən müayinələr kifayət etmədikdə, əlavə instrumental və digər müayinələr həyata keçirilməlidir.

Tutulmuş və ya həbs edilmiş şəxsdə xroniki somatik xəstəliklərin kəskinləşmə dövründə və ya kəskin yoluxucu xəstəliklər müəyyən edilən, habelə daşınması mümkün olmayan xəstələrin müvəqqəti saxlama yerinə keçirilməsinə həkim rəyinə əsasən məhdudiyyət qoyulur. Tutulmuş və ya həbs edilmiş şəxsin tibbi müayinəsi zamanı həkim sirri qorunmalıdır.

Tutulmuş və ya həbs edilmiş şəxslərdə özünə və ya ətrafdakılara qarşı təhlükəli davranışla müşahidə olunan psixi pozuntu halları olduqda, onlar tibb işçisinin rəyinə əsasən ən geci 24 saata qədər müddətdə xüsusi saxlanma şəraiti olan palata-kameraya keçirilir. Bu müddətdə aparılan tibbi tədbirlər səmərəli olmadıqda, məhkəmənin qərarına əsasən həmin şəxs psixiatriya yardımı almaq üçün müvafiq ixtisaslaşdırılmış müəssisəyə köçürülür. Xroniki xəstəliyin kəskinləşdiyi hallarda və ya xəstə olduğu zamanı tutulmuş və ya həbs edilmiş şəxsin stasionar müalicəsi müvafiq müalicə müəssisələrində həyata keçirilir. Həmin şəxs ağır xəstəliyə tutulduqda və ya öldükdə bu barədə aidiyyəti tibb idarəsinə, saxlanılan yerin rəhbərliyinə və cinayət prosesini həyata keçirən orqana tibb işçisi tərəfindən yazılı məlumat verilir.

Yoluxucu xəstəliyə tutulması ehtimal olunan tutulmuş və ya həbs edilmiş şəxs tibbi rəy əsasında xəstəlik müddətində digər şəxslərdən təcrid edilir və müvafiq müalicəyə cəlb olunur. Onunla təmasda olmuş digər tutulmuş və ya həbs edilmiş şəxslər üzərində tibbi nəzarət həyata keçirilir. Tutulmuş və ya həbs edilmiş şəxs başqa yerə köçürüldükdən dərhal sonra onun saxlandığı kamerada müvafiq dezinfeksiya tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR