Mətbuat Şurasında «Tərcüman» qəzetinin 130 illik yubileyi ilə bağlı «dəyirmi masa» keçirilib - FOTO

Mətbuat Şurasında «Tərcüman» qəzetinin 130 illik yubileyi ilə bağlı «dəyirmi masa» keçirilib - <span style="color: red;">FOTO
# 10 aprel 2013 14:32 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan Mətbuat Şurasında XIX əsrin sonlarına doğru çar Rusiyasında baş qaldıran milli özünüdərkdə, türkçülük ideyalarının təşəkkülündə mühüm rol oynamış «Tərcüman» qəzetinin 130 illik yubileyi ilə bağlı «dəyirmi masa» keçirilib.

APA-nın xəbərinə görə, KİV rəhbərlərinin, ali məktəblərin müəllim və tələbələrinin iştirak etdiyi tədbiri girişi sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, 1883-cü ilin 10 aprel tarixində fəaliyyətə başlamış “Tərcüman” qəzeti ilə dövrünün görkəmli ziyalısı və naşiri İsmayıl Qaspıralı Rusiya imperiyasında türk və İslam cəmiyyətlərinin təhsil, mədəniyyət islahatı və müasirləşməyə ehtiyacı olduğuna diqqət yetirdi: “Dahi mütəfəkkir müasirləşmə tərəfdarı kimi çıxış edirdi. “Tərcüman”da da əsas istiqamət bu idi. Qaspıralı müasirləşmənin Avropalılaşmadan keçdiyini bildirərək ikincidə əsas cəhətin təhsil olduğunu vurğulayırdı”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Şirmməd Hüseynov bildirib ki, İ.Qaspıralı «Tərcüman» qəzetinin nəşrə başladığı 1883-cü il 10 aprel tarixini təsadüfən seçməmişdi: “Həmin gün qəzetin çıxdığı Krım vilayətinin Rusiya tərəfindən işğalının 100 illiyi tamam olurdu. Bir türk yurdu işğal edildiyi gün «Tərcüman»ın səpdiyi türkçülük, maarifçilik toxumları ilə sanki o işğaldan qurtulurdu. İsmayıl bəy 35 il fəaliyyət göstərmiş «Tərcüman» qəzetinin redaktoru və naşiri olub. O, 1914-cü ilin sentyabrında dünyasını dəyişib. Qəzet isə dörd il fəaliyyət göstərib. Rəsmi şəkildə bu nəşr «Tərcüman-Perevodçik» adı ilə tanınıb. 1883-cü ildən 1905-ci ilədək də iki dildə - türk-tatar və rus dillərində çıxıb». Ş.Hüseynov «Tərcüman» qəzetinin 1905-ci ildən sonra yalnız türk-tatar dilində buraxılmasını bu dildə anlayanların sayının çoxalması, yekun nəticədə İ.Qaspıralının söykəndiyi prinsiplərin həyata keçməsi ilə izah edib.

Tədbirdə çıxış edənlərdən «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, İ.Qaspıralının yaradıcılıq fəaliyyətinin qayəsini təşkil edən vahid türk dili ideyası onun dövrün görkəmli ziyalıları ilə söhbətlərinin, qarşılıqlı təmaslarının əsas mövzusu olub. T.Aydınoğlu Qaspıralının Azərbaycanda milli mətbuatın banisi Həsən bəy Zərdabi irsindən faydalandığını xüsusi vurğulayıb.

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında İ.Qaspıralının türk dünyasına xidməti, eləcə də onun irsinin öyrənilməsi ilə bağlı maraqlı məqamlara toxunaraq eyni fikri təsdiqləyib ki, görkəmli mütəfəkkirin tarix qarşısındakı ən böyük xidmətlərindən biri də məhz türk xalqlarının ortaq dilinin formalaşdırılmasına yönələn cəhdlərdir.

BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev diqqəti İ.Qaspıralının «Tərcüman» qəzetinin səhifələrinə daşıdığı ideyanın milli özünüdərkə köklənməklə gələcəkdə müstəqilliyi doğuran siyasi ideologiyaların bazası rolunu oynamasına çəkib. Qeyd edib ki, İ.Qaspıralı müasir qloballaşma şəraitində türk birliyinin ideya mənbəyi rolunu oynayacaq şəxsiyyətlərdəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR