Qənirə Paşayeva İraq və Suriyada yaşayan türkmənlər adından Avropa Şurasına müraciət edib

Qənirə Paşayeva İraq və Suriyada yaşayan türkmənlər adından Avropa Şurasına müraciət edib
# 02 oktyabr 2014 14:28 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. AŞPA-da “İŞİD kimi tanınan terrorçu qrup tərəfindən insanlıq əleyhinə törədilən hədələr: xristianlara və başqa dini və ya etnik icmalara qarşı zorakılıq” adlı məruzə ətrafında müzakirə keçirilib. APA-nın xəbərinə görə, müzakirədə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva çıxış edib.

Q. Paşayeva bildirib ki, Suriyada davam edən böhran və terrorçu qrupların, xüsusilə “İŞİD” adlanan qrupun peyda olması regiona və onun hüdudlarına ciddi təhlükə törədir: “Zorakılıq heç bir sərhəd tanımır. Regionda yaşayan insanlar - istər yezidlər, türkmənlər, kürdlər, yaxud müsəlmanlar, xristianlar, dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq zorakılığa məruz qalırlar. Onların hamısı eyni zülmün qurbanlarıdır. Biz səylərimizi böhranın humanitar aspektlərində cəmləşdirməliyik. Belə ki, regional ölkələr humanitar fəlakətlə üzləşiblər. Türkiyə 1,5 milyon insana sığınacaq verib, onların da böyük əksəriyyəti uşaqlar və qadınlardır. Təqribən 250 min nəfər son iki həftədə sərhədi keçiblər. Biz Türkiyənin bu istiqamətdə olan səylərini təqdir etməliyik. Assambleya bütün üzv dövlətlərə onların məsuliyyətini öz üzərlərinə götürməyi və baş vermiş faciəvi humanitar böhran yükünü paylaşmağa çağırmalıdır. Mən assambleyamıza İraq və Suriyada yaşayan milyonlarla türkmənlərin, onların təmsilçilərinin xahişi ilə onların da düşüncələrini, səsini, yaşadıqları dəhşətləri sizə çatdırmaq və çağırış etmək istəyirəm. Əziyyət çəkən digər etnik və dini qrupların səsi, düşüncə və çağırışları burada həmkarlarım tərəfindən səsləndirildi və məruzədə öz əksini tapır. Mən də türkmənlərin səsinin, çağırışının burada səslənməsini istəyir və sizə çatdırıram. Yüzlərlə türkmən “İŞİD” tərəfindən qətl edilib, çoxlu sayda insan girov götürülüb, 10 minlərlə insan yaşadığı kəndin, bölgənin “İŞİD”in əlinə keçməsindən sonra və ya bölgəsindəki dəhşətli vəziyyət üzündən evini tərk etmək, qaçmaq məcburiyyətində qalıb. Evini, sağlamlığını, işini itirən türkmənlərin sayı yüz minlərlədir və türkmənlər Avropa Şurasını onlara dəstək olmağa, kömək göstərməyə çağırır. Çünki etnik kimliyindən və dini inancından asılı olmayaraq, biz “İŞİD” zülmündən əziyyət çəkən hər kəsin səsini eşitməli və onlara öz dəstəyimizi göstərməliyik. Özəlliklə evini, işini itirmiş və qaçqın düşmüş insanlara daha çox humanitar dəstək göstərməyimizə böyük ehtiyac var. Bu ağır yükü tək Türkiyənin üzərinə qoymaq ədalətsizlik olardı. Hörmətli həmkarlar, son olaraq vurğulamaq istərdim ki, İslam sülh və barış dinidir. İslam heç vaxt zorakılığa izn vermir. Biz “İŞID” təhlükəsi ilə üzləşmiş Avropa cəmiyyəti arasında islamofobiya təmayüllərinin mümkün artmasına diqqət yetirməliyik. Yadda saxlamalıyıq ki, islamofobiya təmayülləri yalnız bu kimi terrorçu qrupların gələcəkdə çiçəklənməsi üçün məhsuldar zəmin yaradır. Ona görə də biz Avropada islamafobiyanın artmasına qarşı da ciddi mübarizə aparmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR