Təhsil sənədlərinin tanınması ilə bağlı təqdim edilmiş sənədlər arasında 679 qeyri-qanuni fakt aşkarlanıb

Təhsil sənədlərinin tanınması ilə bağlı təqdim edilmiş sənədlər arasında 679 qeyri-qanuni fakt aşkarlanıb
# 15 mart 2012 12:50 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Son altı il ərzində Azərbaycanda təhsil sənədlərinin tanınması ilə bağlı təqdim edilmiş sənədlər arasında 679 qeyri-qanuni fakt aşkarlanıb. Onların Azərbaycan ərazisində tanınmaması haqqında qərar qəbul edilib. APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Nostrifikasiya şöbəsinin təhsil sənədlərinin alınması, paylanması, saxlanması və tanınması işi sahəsi üzrə 2011-ci ildə görülmüş işlərə dair hesabatında bildirilib.

Sənədə əsasən nostrifikasiya ilə bağlı mənfi cavab alan vətəndaşlar tərəfindən 23 saxta diplomun xarici ölkələrdə qeyri-qanuni yollarla əldə edilməsi sübuta yetirilib. Vətəndaşlar tərəfindən saxta diplomların Rusiya, Böyük Britaniya, ABŞ, Ukrayna, Qazaxıstan və Özbəkistanda əldə edildikləri aşkarlanıb. Hesabatda bildirilir ki, ekspertlərin vətəndaşlarla keçirdiyi görüşlər zamanı məlum olub ki, onlar arasında çoxlu sayda formal ali təhsil almış savadsız və ixtisası haqqında məlumatı olmayan insanlar da var.

Mənfi cavab alanlar arasında respublika ərazisində qanunsuz fəaliyyət göstərən xarici ölkələrin ali təhsil müəssisələrinin (məntəqə və filialların) məzunları da olub. Onların fəaliyyəti 1 saylı yerli İqtisad Məhkəməsinin qərarlarına əsasən dayandırılıb. Mənfi cavab alanların arasında 341 nəfər Rusiya, 309 nəfər Gürcüstan, 9 nəfər Ukrayna, 9 nəfər ABŞ, 3 nəfər Qazaxıstan, 2 nəfər Böyük Britaniya, 2 nəfər İsveçrə, 1 nəfər Qırğızıstan, 1 nəfər Özbəkistan, 1 nəfər Almaniya, 1 nəfər isə Suriya Ərəb Respublikası ali məktəblərinin məzunu olub.

Son altı il ərzində daxil olan 5718 müraciətdən 4234-ü müsbət həll edilib və onların sahiblərinə müvafiq şəhadətnamələrin verilməsi haqqında qərarlar qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR