Tallində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunan anma mərasimi keçirilib

Tallində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunan anma mərasimi keçirilib
# 28 fevral 2012 00:35 (UTC +04:00)
Bakı-APA. Tallinn şəhərinin mərkəzindəki “Swissotel”-də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və səfirliyin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.
APA-nın AzərTac agentliyə istinadən verdiyi xəbərə görə, tədbirdə Avropa Parlamentinin üzvü İ.Tarand, AŞPA Monitorinq Komitəsinin sədri A.Herkel, Estoniya-Azərbaycan Parlament Qrupunun sədri E.Əfəndiyev, Estoniya Parlamentinin üzvləri, Estoniya Xarici İşlər Nazirliyinin məsul əməkdaşları, ölkədə insan hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, Azərbaycan icmasının, habelə digər milli icmaların nümayəndələri, yerli kütləvi informasiya vasitələri, ali təhsil müəssisələrinin tələbələri, Tallində akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbər və əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisinin deputatları F.Muradov və S.Qafarova, Diasporla İş üzrə Dövlət Komitəsi Avropa şöbəsinin müdiri İ.Məmmədov və səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbirin əvvəlində Eston-lüteran kilsəsinin Baş yepiskopu A.Piter Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etmiş və onların xatirəsinə dua oxuyub.
Daha sonra tədbirdə çıxış edən Estoniyanın sabiq prezidenti A.Rüytelin müşaviri Y.Kann A.Rüytelin səhhətində probelmlər olduğu üçün gələ bilmədiyini bildirmiş və onun müraciətini çatdırıb. O, müstəqillik yolunda apardığı mübarizədə Azərbaycan ilə Estoniya arasında tarixi paralel olduğunu bidirmiş, Azərbaycanın təcavüzə məruz qaldığını vurğulayıb. O, Xocalı faciəsi kimi insanlığa qarşı törədilmiş cinayətlərin qəbuledilməzliyini nəzərə çarpdıraraq cinayətkarların məsuliyyətə cəlb olunması vacibliyini bildirib.
İ.Tarand çıxışında Xocalı faciəsi kimi cinayətlərin müasir dünyada qəbuledilməzliyini və bu qətliamı törədən şəxslərin cəza alacaqlarına ümidvar olduğunu qeyd edib.
Tədbirdə əsas məruzəçi qismində çıxış edən AŞPA Monitorinq Komitəsinin sədri A.Herkel Azərbaycana etdiyi səfərlərdən xoş təəssüratlarını bölüşərkən Azərbaycanın zəngin mədəniyyətə və tarixə malik olduğunu, Azərbaycan xalqının böyük millət olduğunu söyləyib. A.Herkel Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsindən danışarkən SSRİ dağılarkən sovet məkanında yalnız Ermənistanın təcavüzə əl atdığını qeyd edib. O, Azərbaycan xaqlının Xocalı faciəsi ilə bağlı hisslərini Estoniya ictimaiyyətinin bölüşdüyünü bildirib və Dağlıq Qarabağ münaqişəsinin həllinin regionun inkişafı üçün vacib amil oduğunu deyib.
Milli Məclisin deputatı F.Muradov “Xocalı soyqırımı beynəlxalq qanunvericilikdə” məruzəsi ilə çıxış edib. Deputat Xocalı soyqırımının hüquqi aspektlərinə toxunmuş və Xocalı faciəsini soyqırım kimi tanınmasına bütün əsasların mövcud olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Milli Məclisin deputatı S.Qafarova çıxışında hərbi cinayətkarların qurbanı olmuş uşaq və qadınların işgəncələrə məruz qaldıqlarını və Xocalı soyqırımı törədən şəxslərin məsuliyyətə cəlb olunması vacibliyini vurğulayıb.
Tədbirə yekun vuran səfir T.Zülfüqarov deyib ki, Xocalı faciəsini törətmiş şəxslər Beynəlxalq Tribunal qarşısında cavab verənədək insanlığa qarşı törədilən cinayət davam etməkdədir. Səfir Azərbaycan xalqı ilə həmrəyliyinə görə Estoniya ictimaiyyətinə təşəkkürünü etmiş və bildirib ki, Estoniya ictimaiyyətinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına qoşulması iki ölkə arasındakı yüksək münasibətləri əks etdirən əlamətdar hadisədir.
Tədbirdə Xocalı soyqırımı haqqında xüsusi olaraq hazırlanan “Justice call” adlı film nümayiş etdirilib və sərgi təşkil olunub. Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun hazırladığı Xocalı soyqırmına aid materiallar paylanılıb.
Bununla yanaşı, 25-26 fevral 2012-ci il tarixlərində Estoniyada fəaliyyət göstərən “Tallinna TV” və “TVN” telekanallarında Azərbaycan haqqında 1-saatlıq film nümayiş etdirilib.
Tədbirin Estoniya KİV-lərində geniş işıqlandırılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR