Eldar Qasımovun ilk solo klipinin üzərində 200 nəfər çalışıb

Eldar Qasımovun ilk solo klipinin üzərində 200 nəfər çalışıb
# 10 sentyabr 2012 09:43 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Avropanın ən əhəmiyyətli və çox izlənilən “Eurovision” mahnı yarışmasının qalibi, eyni zamanda bu mötəbər müsabiqənin aparıcısı olmuş Eldar Qasımov sentyabrın 13-də “I’m Free” mahnısına Ukraynada çəkilən klipini təqdim edəcək.

Eldar Qasımovun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə qalibinin özünəməxsus tərzdə ifa etdiyi və artıq çoxsaylı dinləyicilərin sevimli kompozisiyasına çevrilən ”I’m Free”– özünü qəflətən keçmiş məcburiyyətlərindən və bağlılıqlarından azad hiss edən bir insanın emosional portretini, məhəbbət haqqında formalaşmış stereotiplər, yaradıcılıq və həyat tərzi haqqında bir mahnıdır. Yeni klipi haqqında təəssüratlarını bölüşən Eldar Qasımov, yalnız bir mahnı ifaçısı imicindən uzaqlaşmaq istədiyini bildirib: “Çünki adətən beynəlxalq müsabiqə iştirakçıları və qalibləri bu halla qarşılaşır. Həm də “Running Scared” mahnısı yalnız bir hissəsi mənə aiddir, axı bu hiti biz duet şəklində ifa etmişik. Mənim bir solo ifaçısı kimi də tamaşaçıya deməyə sözüm var”.

Sənətçinin “Eurovision” qalibiyyətindən sonra ilk solo klipinin çəkilişləri 2012-ci ilin iyun ayının sonlarında Ukraynanın paytaxtı Kiyevdə aparılıb. Bu layihə bütünlüklə Ukraynanın məşhur “Euromedia Group” şirkətinin komandası tərəfindən həyata keçirilib. Layihənin ideya müəllifi və rejissoru Denis Qamzinov, operatoru Dmitriy Peretrutovdur. Klipin ərsəyə gəlməsi üçün 200 nəfər çalışıb. Eldarın özü bilavasitə klipdəki rəqsin qurulmasında iştirak edib. “Va-bank” şou-baleti ilə birgə ifa olunan rəqs “caz-fank” üslubunda qurulub. “I’m Free” kompozisiyasını Eldar “Azerilife Music Entertainment” prodüser mərkəzi ilə birgə yazıb, mahnının yazılışında dj və prodüser Aligee (Əli Abasbəyli) və Rasif Babayev də iştiak edib. Bu mahnı azərbaycanlı musiqi prodüseri Fərid Məmmədovun iştirakı ilə yazılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR