Macarıstan Azərbaycanla iqtisadi əlaqələri möhkəmləndirmək istəyir

Macarıstan Azərbaycanla iqtisadi əlaqələri möhkəmləndirmək istəyir
# 09 oktyabr 2012 08:53 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA-Economics. Macarıstan hökuməti Qafqaz ölkələri, o cümlədən Azərbaycanla iqtisadi əlaqələri möhkəmləndirmək niyyətindədir. “APA-Economics”in xəbərinə görə, bunu Macarıstan baş nazirinin kabinetinin xarici işlər üzrə dövlət katibi Petr Szijjato Azərbaycan nümayəndə heyəti ilə görüşündə deyib.

Qeyd edək ki, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ikitərəfli iqtisadi əlaqələri inkişaf etdirmək məqsədilə iki ölkənin işgüzar dairələrinin iştirakı ilə biznes-forum keçirilməsi üçün Budapeştdə səfərdədir.

Dövlət katibi Macarıstan şirkətlərinin Azərbaycanla infrastruktur, sanitariya, kənd təsərrüfatı, şəhər planlaşdırması, energetika, yol texnikası, su ehtiyatlarından istifadə, texnologiya, əczaçılıq və tibb sənayesi sahələrində əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb: “Avropada davam edən böhran şəraitində Macarıstan iqtisadiyyatı Azərbaycanla strateji əməkdaşlıq üçün geniş imkanlar açır”.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Macarıstanın baş naziri Viktor Orbanın bu yay Bakıya səfər etdiyini xatırladaraq, ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə zərurət yarandığını bildirib.

Görüşün sonunda Macarıstan İstehsalçılar Assosiasiyası və Azərbaycan Milli Sahibkarlar Assosiasiyası, eləcə də Macarıstan Gənc Sahibkarlar Milli Assosiasiyası və Azərbaycanın gənc sahibkarlar şəbəkələri arasında əməkdaşlıq sazişləri imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR