Vatikanın məxfi arxivindən ölkəyə gətirilən Azərbaycan əczaçılığına aid ən qədim əsərin bir hissəsi artıq tərcümə olunub

Vatikanın məxfi arxivindən ölkəyə gətirilən Azərbaycan əczaçılığına aid ən qədim əsərin bir hissəsi artıq tərcümə olunub
# 30 oktyabr 2012 11:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Vatikanın məxfi arxivindən ölkəyə gətirilən Azərbaycan əczaçılığına aid ən qədim əsərlərdən bir hissəsi artıq tərcümə olunub. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli deyib. Onun sözlərinə görə, Azərbaycan müəllifi Məhəmməd İbn Mahmud Şirvaninin XIII əsrə aid “Ətirlər gülüstanı” əsərində dərman bitkilərindən, qədim müalicə metodlarından, müxtəlif minerallardan bəhs edilir. Kitabda yüzlərlə dərman resepti verilib: “Məhəmməd İbn Mahmud Şirvani Osmanlı sultanlarının sarayında yaşayıb. “Ətirlər gülüstanı” vaxtilə çox məşhur bir əsər olub. Amma bu əsər indiyədək Azərbaycanda tərcümə və tədqiq olunmayıb”.

F. Ələkbərli deyib ki, Vatikandan Nizami Gəncəvinin “Xəmsə”sinə aid 7 əlyazması da gətirilib. Onlar “Xosrov və Şirin”, “Leyli və Məcnun” və “İskəndərnamə”nin Azərbaycanda olmayan nüsxələridir: “Bunlar kifayət qədər qədim nüsxələrdir və XV, XVI, XVII əsrlərə aiddir. Qədim nüsxələrdə adətən təsadüfi səhvlər az olur. Bu nüsxələrlə Azərbaycanda olan nüsxələri tutuşdurub “Xəmsə”nin daha dəqiq mətnini bərpa eləmək olar”.

F.Ələkbərli qeyd edib ki, Vatikanın məxfi arxivindən gətirilən əlyazmalar hazırda Əlyazmalar İnstitutunun kitabxanasındadır və tədqiqatçılar üçün açıqdır: “Bu əsərlərin tam tərcüməsi üçün İşçi Qrupunun yaradılması AMEA rəhbərliyi səviyyəsində həll olunmalıdır”.

Qeyd edək ki, Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti ötən il dekabrın 7-də Bakıya gətirilib. Sənədlər ümumilkdə 1000 səhifə həcmindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR