Bakıda reklam və marketinq məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir - FOTO

Bakıda reklam və marketinq məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir - <font color=red>FOTO</font>
# 29 mart 2012 09:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Reklamçılar İttifaqının təşkilatçılığı ilə “Reklam mədəniyyəti - reallıq və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış” mövzusunda I Bakı beynəlxalq elmi-praktiki Konfransı işə başlayıb.

APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın vacibliyini vurğulayaraq qeyd edib ki, iki gün davam edəcək tədbir çərçivəsində reklam işinin elmi nəzəriyyəsi və təcrübəsi müzakirə olunacaq.

Onun sözlərinə görə, Azərbaycanda baş verən yenidənqurma, sosial-iqtisadi sıçrayış və hərtərəfli intibah reklam sahəsinin müasir əsaslarını formalaşdırmaqla yanaşı, reklamçılığın genişlənməsinə və təkmilləşməsinə geniş imkanlar açaraq səmərəli mühit yaradıb.

Konfransa məruzəçi qismində 20 ölkədən reklam və marketinq mütəxəssisləri dəvət olunub. Tədbirdə Azərbaycanın reklam mütəxəssisləri ilə yanaşı, Türkiyə, İngiltərə, İsveç, İspaniya, BƏƏ, CAR, İran, Rusiya, Ukrayna, Özbəkistan və Gürcüstan kimi bir çox xarici ölkələrin reklam sahəsində böyük təcrübəyə malik görkəmli mütəxəssisləri iştirak edir. Konfransda milli reklamçılıq sahəsində mövcud vəziyyətin öyrənilməsi, dünya təcrübəsinə baxış, reklam dizaynı və marketinq, müasir tələblərə cavab verən reklam mədəniyyətinə sahib olmaq imkanları, həmçinin mədəniyyət və turizm sahələrinin reklam təminatı kimi bir çox aktual məsələlər müzakirə ediləcək.

Konfransın birinci günündə reklam və marketinqə dair məruzələr dinləniləcək, ikinci gündə isə bu mövzularda ustad dərsləri keçiriləcək. Tədbirin sonunda yekun qətnamə qəbul ediləcək və iştirakçılara xüsusi diplomlar təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR