“İRƏLİ” İranda saxlanılan azərbaycanlı şairlərin azad olunmasına dəstək məqsədilə start verdiyi online imza kampaniyasını davam etdirir

“İRƏLİ” İranda saxlanılan azərbaycanlı şairlərin azad olunmasına dəstək məqsədilə start verdiyi online imza kampaniyasını davam etdirir
# 16 iyul 2012 10:17 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” İctimai Birliyi 2 aydan çox İran İslam Respublikasında əsassız ittiham olunaraq saxlanılan gənc azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin azad olunmasına dəstək məqsədilə online imza kampaniyasına start verib. Birlikdən APA-ya verilən məlumata görə, 2 gün öncə start verilən aksiyaya artıq 1000 nəfər insan qoşulub.

Kampaniyanın əsas məqsədi qanunsuz olaraq həbsdə saxlanılan şairlərin qeyd-şərtsiz azad olunması tələbi ilə yanaşı, insan hüquqları ilə bağlı fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatları bu istiqamətdə daha fəal olmalarına çağırışdır.

“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, insan hüquqları ilə bağlı çalışan beynəlxalq və yerli təşkilatlar, hüquq müdafiəçiləri, gənclər təşkilatları həmvətənlərimizin azad olunması istiqamətində səylərini artırmalıdır: “Təəssüflə qeyd etməliyəm ki, “Eurovision” ərəfəsində canfəşanlıq edən bir çox qurum və şəxslər bu məsələ ilə bağlı susurlar. Hüquqları kobud şəkildə pozulmuş Azərbaycan vətəndaşlarına yardım etmək üçün bütün qüvvələrin səfərbər edilməli olduğu bir anda bu susqunluq həmin qurum və şəxslər üçün insan haqlarının deyil, ayrı-ayrı dairələrin sifarişlərinin vacib olduğunun göstəricisidir. Onlayn imza kampaniyası yalnız ölkə daxilində fəaliyyət göstərən deyil, həmçinin beynəlxalq təşkilatları bu məsələdə fəal olmağa çağırır. Son günlər bir sıra müsbət irəliləyişlərin şahidi olsaq da, hər iki soydaşımız azad edilib geri qaytarılmayana qədər bu istiqamətdə fəaliyyətimizi dayandırmayacağıq".
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR