Əvəz Zeynallının məhkəməsində həyat yoldaşı ilə müğənni Nüşabə Ələsgərli arasında qalmaqal baş verib

Əvəz Zeynallının məhkəməsində həyat yoldaşı ilə müğənni Nüşabə Ələsgərli arasında qalmaqal baş verib
# 20 iyun 2012 14:51 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə cinayət işi üzrə zərərçəkmiş Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli ifadə verib. V. Səfərli ifadəsində bildirib ki, Ə. Zeynallı ilə aralarında problem 2009-cu ildə fond yaranan zamandan başlayıb: “Həmin vaxt bizim birinci müsabiqəmiz keçirildi. Əvəz Zeynallı da müsabiqəyə layihə təqdim etmişdi. Lakin layihə qəbul olunmadı. Bundan sonra mən Əvəz Zeynallını qəbul elədim. Bildirdim ki, hələ birinci müsabiqədir. Növbəti müsabiqələrdə yenidən müraciət edər. Həmin vaxtdan Əvəz Zeynallı qəzetində fond haqqında şər-böhtanla dolu yazılar yazmağa başladı. Mən nəinki Əvəzin, heç bir mətbuat işçisinin həbs olunmasının tərəfdarı deyiləm. Hər yerdə çatışmazlıq ola bilər. Tənqidi yazılar yazmaq olar, amma böhtan, şər yox. 2010-cu ildə Əvəz Zeynallı mən və bir neçə digər mətbuat işçiləri Antalyada dincəlirdik. Əvəz yalquzaq kimi tək dolaşırdı. Bir dəfə mafiya oyunu oynayanda Əvəz də gəldi. Lakin digər əməkdaşlar ona görə oyundan çıxdılar. Səfərdən qayıdandan sonra yazdı ki, Vüqar Səfərli mətbuatın qəssabıdır, mafiyadır. Hər yerdə də bu ifadəni işlədir. Mən nə üçün qəssab olmalıyam? Mənə şərəfsiz deyib təhqir elədiyi üçün məhkəməyə vermişəm. Məhkəmə də onun beş min manat cərimə olunması və üzr istəməsi ilə bağlı qərar çıxarıb. Lakin həmin qərar icra olunmadığı üçün özümü zərərçəkmiş hesab edirəm”.

Əvəz Zeynallı isə onun ifadəsinə cavab olaraq bildirib ki, Vüqar Səfərlinin ünvanına ittihamlar səsləndirib, onu fond üçün ayrılmış pulları mənimsəməkdə ittiham edib: “Əvəz hər yerdə yalquzaq olub. Sənin şəkilini bütün mətbuat verir. Başında da yazır ki, mətbuatın qəssabı. Bu ifadəni tək mən işlətməmişəm ”.

Bu zaman məhkəmə prosesində zərərçəkmiş kimi iştirak edən müğənni Nüşabə Ələsgərli ilə Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı arasında qalmaqal baş verib. Tərəflər bir-birlərini nalayiq söyüşlərlə təhqir ediblər. Hakimlərin müdaxiləsindən sonra onlar sakitləşiblər. Daha sonra prosesdə Nüşabə Ələsgərli ifadə verib. O, ifadəsində bildirib ki, “Xural” qəzetindən bir nəfər ona zəng edərək, açıq-saçıq şəkillərinin olduğunu deyib: “Mənə zəng edib dedilər ki, sənin bizdə şəkillərin var. Gəl görüşək, yoxsa şəkilləri qəzetdə yayacağıq. Mən də əxlaqımdan əmin olduğum üçün dedim ki, yayın. Bir müddət sonra qəzetdə bir şəkil çıxdı. Həmin şəkil karikaturaya oxşayırdı. Sonra İctimai Televiziyada verilişə çıxmışdım. Həmin vaxt Əvəz Zeynallı da orada idi. Orada aramızda qalmaqal baş verdi. Əvəz mənə əxlaqsız, pozğun dedi. Bu sözləri deyəndə, yazanda arxasında dayanmaq lazımdır. Həmin yazıları mənim qohumlarım oxuyur. Guya mən kiminləsə görüşürəm. Mən də dedim ki, qəzet çıxaracağam yazacağam ki, Əvəzin arvadı qonşusu ilə görüşür. Əvəz də dedi ki, səni kəsərəm. Dedim, səni də kəsən oğlanlar var. Birdən o yazılanları mənim qohumlarım görüb gəlib məni öldürəydilər. Axı mənim günahım nədir ki, mənim haqqımda belə şeylər yazılır”.

N. Ələsgərli bildirib ki, qəzetdə gedən təhqir yazılarından sonra “Xural” qəzetini məhkəməyə verib. Məhkəmə isə qəzetin 200 manat cərimələnməsi və üzr yazısının yazılması barədə qərar çıxarıb: “Mənim üçün pul maraqlı deyil. Lakin üzr yazısı yazılmalı idi. Yazılmayıb, mən də Əvəzdən şikayətçiyəm. Bu gün bura gəldim, ailə üzvləri yenə məni təhqir elədilər ”.

Proses iyunun 27-də davam etdiriləcək.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ə. Zeynallı 8 aydır ki, həbsdədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR