Kanada qəzetində Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilmiş məqalə dərc edilib

Kanada qəzetində Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilmiş məqalə dərc edilib
# 02 mart 2012 20:50 (UTC +04:00)
Bakı-APA. 2 mart 2012-ci il tarixində Monrealda nəşr olunan tanınmış “La Presse” qəzetində “Qafqazda gərginlik” adlı Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilmiş məqalə dərc edilib. Bu barədə APA Azərbaycanın Kanadadakı səfirliyinə istinadən məlumat verir.

Məqalə müəllifi Laura Julie Perrault qədim ərazi sayılan Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu qeyd edir və son illər ərzində münaqişənin unudulduğunu bildirir. Lakin, Ermənistan və Azərbaycan arasındakı danışıqlarda son zamanlar yaranmış çıxılmaz vəziyyətin regional münaqişənin yenidən başlamasına səbəb ola biləcəyi və bu münaqişəyə Rusiya, İran və Türkiyənin də qoşula biləcəyi qorxusunun mövcud olduğunu bildirir.

Müəllif L.Perrault qonşu Ermənistan tərəfindən anneksiya edilən Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olduğunu qeyd edir və vurğulayır ki, əgər 1994-cü ilə qədər Dağlıq Qarabağ əhalisinin 75 faizini ermənilər, 25 faizini isə azərbaycanlılar təşkil edirdisə, bu gün Dağlıq Qarabağ əhalisi yalnız ermənilərdən ibarətdir. Müəllif həmçinin Ermənistan ordusunun Dağlıq Qarabağın ətrafındakı Azərbaycanın 7 rayonunu işğal etdiyini və 600 minə yaxın azərbaycanlının Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş ərazilərdən qovulduğunu qeyd edir.

Məqalədə həmçinin dünyanın heç bir ölkəsinin Dağlıq Qarabağ deyilən bir qurumu tanımadığı qeyd olunur. Müəllif xüsusilə Dağlıq Qarabağın gələcək statusunu müəyyən etmək məqsədilə referendum keçirilməsi məsələsinin tərəflər arasında əsas mübahisə mövzusu olduğunu qeyd edir. Müəllifə görə, əgər ermənilər yalnız “Dağlıq Qarabağ sakinlərinin referendumda” iştirak etməsini istəyirsə, Azərbaycan isə referendumun bütün ölkə ərazisində keçirilməsinin tərəfdarı kimi çıxış edir. Məsələ ilə bağlı L.Perrault Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev ilə keçən həftə baş tutmuş müsahibəyə istinad edərək, müstəqillik istisna olmaqla, Azərbaycanın Qarabağa yalnız yüksək muxtariyyət statusu verə biləcəyini xatırladır.

Məqalənin sonunda münaqişədə maraqlı tərəflər barədə söhbət açılır. Rusiyanın Ermənistan ilə yaxın müttəfiq olması, İranın Azərbaycan ilə mürəkkəb tarixi münasibətləri və İranın dünyəvi rejimi qəbul edə bilməməsi müstəvisində Ermənistanın tərəfində olduğu qeyd olunur. Azərbaycanın yaxın müttəfiqi qismində isə günü-gündən qüdrətini artırmaqda olan Türkiyənin çıxış etdiyi qeyd olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR