Azərbaycanda SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması prosesi 2 mln-dan artıq şəxsi əhatə edəcək

Azərbaycanda SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması prosesi 2 mln-dan artıq şəxsi əhatə edəcək
# 16 mart 2012 12:50 (UTC +04:00)
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, son dövrlərdə Azərbaycanın sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, dövlətin maliyyə imkanlarının artması ölkə vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında yerləşdirilmiş və keçən əsrin 90-cı illərinin əvvəllərində baş vermiş yüksək inflyasiya nəticəsində ucuzlaşmış bank əmanətlərinə dövlət tərəfindən əlavə yardım ödənilməsi üçün şərait yaradıb: «Bu uğurların əldə edilməsində Azərbaycan vətəndaşlarının töhfəsini nəzərə alaraq, dövlət başçısı Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsini nəzərdə tutan fərman imzalayıb».

«Həm keçmiş SSRİ qanunlarında, həm də Azərbaycan qanunlarında Əmanət Bankının öhdəliklərinə görə dövlətin məsuliyyəti nəzərdə tutulmayıb. Hazırkı ödəmələr Azərbaycan dövlətinin maliyyə imkanlarının artması ilə əlaqədar inflyasiyaya məruz qalmış əmanətlərə görə əhaliyə dövlət tərəfindən verilən əlavə yardımdır və məbləğlər də dövlət tərəfindən müəyyən edilir», - deyə məlumatda deyilir.

Fərman 1992-ci ilin yanvarın 1-nə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin bankın hüquqi varisi «Kapital Bank» ASC-də bu fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış ölkə vətəndaşlarına və ya onların vərəsələrinə şamil edilir.

Bu fərmanın icrasının təmin edilməsi məqsədilə müvafiq qaydalar təsdiq edilib və həmin qaydalarda fərdi birdəfəlik ödəmələrin verilməsi mexanizmi müəyyən edilib.

Əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayından başlayır və 2013-cü ilin dekabrın 31-dək başa çatdırılır və burada hər hansı kateqoriyanın bu vəsaitləri ilk öncə alması, habelə heç bir mərhələ müəyyən edilməyib: «Fərmanın şamil edildiyi bütün şəxslər qeyd olunan müddətdə müraciət edərək ödəmələri ala biləcək. Fərdi birdəfəlik ödəmələrin alınması hüququndan istifadə üçün 2012-ci ilin iyunun 1-dən 2013-cü ilin dekabrın 31-dək müraciət olunmalıdır.
Ödəmələrin verilməsi «Kapital Bank» və onun filialları vasitəsilə həyata keçiriləcək».

Əmanətçilərə fərdi birdəfəlik ödəmələr 1992-ci ilin yanvarın 1-dək olan əmanət qalığının məbləğindən asılı olaraq hesablanacaq. Əmanət qalığının məbləği 1992-ci il avqustun 15-dən Azərbaycan milli valyutasının dövriyyəyə buraxılması zamanı hesablaşmalarda müəyyən edilən manatın rubla olan nisbəti (1 Azərbaycan manatı = 10 rubl) və 2006-cı il yanvarın 1-dən həyata keçirilmiş manatın denominasiyası (1 yeni Azərbaycan manatı = 5 min Azərbaycan manatı) nəzərə alınmaqla müəyyən ediləcək.
Bu zaman 4 qəpiyə (2 min rubla) qədər olan əmanət qalığına əmanət qalığının hər qəpiyi (500 rubl) üçün 75 manat, 4 qəpikdən 10 qəpiyə (2 min rubldan 5 min rubla) olan əmanət qalığına görə 300 manat üstəgəl 4 qəpikdən artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat, 10 qəpikdən 20 qəpiyə (5 min rubldan 10 min rubladək) qədər əmanət qalığına görə 600 manat üstəgəl 10 qəpikdən artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat, 20 qəpikdən (10 min rubldan) yuxarı əmanət qalığına görə 1 000 manat üstəgəl 20 qəpikdən artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat verilməsi nəzərdə tutulub.

«Fərdi birdəfəlik ödəmələrin verilməsi 2 mln-dan artıq şəxsi əmanət hesablarına şamil ediləcək. Fərdi birdəfəlik ödəmələrin alınması üçün əmanətçilər tərəfindən şəxsi əmanət hesabının bağlanması göstərilməklə müvəkkil banka («Kapital Bank»a) ərizə ilə müraciət edilməli və ərizəyə əmanət (bank) kitabçası, şəxsiyyət vəsiqəsi, soyad və ad dəyişikliyi olduğu halda, həmin dəyişikliyi təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti və vəsait vərəsələrə ödəniləcəyi halda vərəsələrin miras əmlaka (əmanətə) hüquqları barədə sənədin notarial qaydada təsdiq edilmiş sürəti və ya bu barədə müvafiq məhkəmə qərarı əlavə olunmalıdır», - deyə Nazirlikdən bildirilib.

Əmanət kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin verdiyi məlumatlar üzrə Bankda üzləşdirmə aparılacaq və əmanətçinin öz ərizəsində verdiyi məlumatlar təsdiqini taparsa, Bank sənədləri bu məqsədlə yaradılmış Xüsusi Komissiyaya göndərəcək. Həmin komissiyanın qərarı əsasında əmanətçiyə əmanət kitabçasını əvəz edən sənəd veriləcək və birdəfəlik ödəmənin verilməsi həmin sənədə əsasən həyata keçiriləcək.

Ödəmələri yalnız Azərbaycan vətəndaşlığı haqqında qanunda göstərilən meyarlara uyğun olan və Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları ala bilərlər və buna görə onlar Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

«Digər MDB ölkələrində bu proses uzun müddət davam etsə də, bu Fərmanda Azərbaycanın vətəndaşlarına fərdi birdəfəlik ödəmələrin verilməsinin keçmiş İttifaq ölkələri ilə müqayisədə daha yüksək faizlə və qısa müddətdə həyata keçirilməsi nəzərdə tutulub», - deyə Maliyyə Nazirliyindən bildirilib.

Fərmana əsasən, birdəfəlik ödəmənin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının iştirakı ilə Xüsusi Komissiya yaradılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR