Xətai rayonunda General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı sürüşmə sahəsində uzunluğu 160-180 metr olan çatlar əmələ gəlib

Xətai rayonunda General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı sürüşmə sahəsində uzunluğu 160-180 metr olan çatlar əmələ gəlib
# 28 fevral 2012 09:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “Bakının Xətai rayonunun General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə sahəsində aktivləşmə müşahidə olunub. Orada 4 blokdan ibarət sürüşmə kütləsi yaranıb. Çatların uzunluğu 160-180 metr, eni bir və bir metr yarıma qədər, dərinlikləri isə 2 və 4 metr arasındadır. Sürüşmə kütləsi Gəncə prospekti istiqamətində hərəkət edib”. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib. Onun sözlərinə görə, ərazidə boyük oturma oyuqları müşahidə olunub: “Sürüşmə yanvar və fevral aylarındakı güclü yağışlardan sonra sürüşmə kütləsinin islanması nəticəsində baş verib. Ərazidə yaranmış çatlar gillə doldurulmazsa, növbəti yağışlar nəticəsinə müəyyən fəsadlar yarana bilər”.

Ş. Niftiyev deyib ki, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən ərazi nəzarətə götürülüb: “Mayaklar üzərində dayanmadan müşahidələr aparılır. Hələlik sürüşmənin dinamikasında inkişaf müşahidə olunmur. İrəliləyiş olsa bu haqda aidiyyati dövlət qurumlarına məlumat veriləcək”.

Baş mühəndisin sözlərinə görə, sürüşmənin ərazidəki fərdi yaşayış evlərinə və 9 mərtəbəli binalara heç bir təsiri olmayıb: “Yalnız yuxarıda yerləşən bir 3 mərtəbəli fərdi yaşayış evinin pilləkən hissəsində çatlar yaranıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR