Millət vəkili Ceyhun Osmanlının Türkiyə mətbuatında Xocalı soyqırımına həsr olunmuş məqaləsi çıxıb

Millət vəkili Ceyhun Osmanlının Türkiyə mətbuatında Xocalı soyqırımına həsr olunmuş məqaləsi çıxıb
# 13 fevral 2012 09:40 (UTC +04:00)
APA-nın məlumatına görə, məqalədə Ermənilərin 20 il əvvəl Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımdan bəhs edilir.

Xocalı soyqırımı və onun nəticələrini xatırladan millət vəkili məqaləsində qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər qadın, uşaq-qoca demədən qarşılarına çıxan hər kəsi qətlə yetiriblər. Həmin gün Xocalıda 106-sı qadın, 63-ü uşaq olmaqla 613 dinc sakin öldürülüb, 160 nəfər itkin düşüb. Həmin faciənin qurbanı olan 76 nəfər bu gün əlildir, 8 ailə tamamilə yox edilib, 154 uşaq yetim qalıb. Şəhərin 1257 sakini əsirlikdə olarkən erməni əsgərlərinin işgəncələrinə məruz qalıb: «Bu vəhşiliyi törədənlər bu günə qədər cəzasız qalıblar. Dünya 20 ildir, Xocalıda yaşanmış qırğını görməməzliyə vurur».

Millət vəkili fevralın 26-da İstanbulun Taksim meydanında «Hamımız xocalılıyıq» şüarı altında keçiriləcək aksiyalardan da bəhs edib: «Biz həmin gün birləşib erməni yalanlarına yox deyirik, dünya bundan bir daha dərs alsın deyirik, bir daha insanlar acı çəkməsin, uşaqlar ölməsin deyirik, bir daha Xocalı soyqırımı yaşanmasın deyirik».

Məqalədə erməni terrorçularının tək Azərbaycanda deyil, Şərqi Anadoluda, bütün dünyada türklərə qarşı törətdikləri terror aksiyaları da xatırladılıb: «İndiki vaxtda Azərbaycan və Türkiyə bu qədər ədalətsiz təzyiq və ittihamlara məruz qalarkən, qardaş birliyinə ehtiyacımız daha da qüvvətlənib. İndi birlikdə çətinliklərə, təzyiqlərə sinə gərməyin yollarını axtarırıq. Qlobal dünyamızda bizlər hər gün daha da inkişaf edərkən bir-birimizdən xəbərsiz qalmamalı, bir-birimizi daha da yaxından tanımalı, bir-birimizə daha çox bağlanmalıyıq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR