Qurban Yetirmişli: “Balakəndə zəlzələ ocağını Zaqatala zəlzələsinin ocağı oyadıb”

Qurban Yetirmişli: “Balakəndə zəlzələ ocağını Zaqatala zəlzələsinin ocağı oyadıb”
# 14 oktyabr 2012 20:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Balakənlə Gürcüstan sərhədində baş verən zəlzələnin ocağını Zaqatala zəlzələsinin baş verdiyi ocaq oyadıb”. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, Zaqatalada bu ilin mayında baş verən zəlzələ ocağında seysmiklik fon səviyyəsinə düşsə də, bu zəlzələ yaxın rayonlarda olan zəlzələ ocaqlarını oyatmaq gücünə malik olub: “Bu barədə Zaqatalada zəlzələ baş verən vaxt da xəbərdarlıq etmişdik. Zaqatala zəlzələsindən sonra Şəkidə olan ocaq oyandı. Görünür, Şəkidə bu proses daha sürətlə gedib. İndi isə Balakən ərazisində olan ocaq oyanıb. Güclü zəlzələdən sonra belə oyanma qonşu ocaqlarda özünü göstərir. Ümumiyyətlə, Balakən ərazisində tarixi zəlzələ ocaqları var”.

Q. Yetirmişli qeyd edib ki, zəlzələ Zaqataladan 30 km qərbə doğru, Balakənlə Gürcüstan sərhədində baş verib: “12 ballıq cədvəllə episentrdə zəlzələnin gücü 7 bal olub. Balakənin episentrə yaxın kəndlərində dağıntılar var. Zaqatalada əvvəlki zəlzələdən qalan çatlarda genişlənmələr və yeni çatların yaranması da müşahidə olunur. Zaqatala və Balakəndə zəlzələ 6 bal gücündə hiss olunub”.

Baş direktor zəlzələ ocağında afterşokların hələ bir müddət davam edəcəyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR