Xaricdə 10 mindən çox azərbaycanlı tələbə təhsil alır

Xaricdə 10 mindən çox azərbaycanlı tələbə təhsil alır
# 18 avqust 2012 08:46 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı barədə danışarkən deyib ki, onların dəqiq statistikası təqaüdə əsasən müəyyən olunur: “Amma təqaüdlə təhsil alanlarla yanaşı, öz hesablarına oxuyanlar da var. Aparılan hesablamalara görə, xaricdə təhsil alan tələbələrimizin sayı 10 mindən artıqdır. Onların 1500-ü Təhsil Nazirliyinin idarə etdiyi təqaüd proqramları, dövlət proqramı və xarici ölkələrlə təhsil sahəsində imzalanan ikitərəfli müqavilələrin şərti ilə təhsil alanlardır. Bundan başqa, Rusiyada, Türkiyədə öz hesablarına təhsil alan tələbələrimiz də var”.

Nazir müavini, tələblərin bir sıra xarici ölkələrin universitetlərində təhsilə cəlb olunmaları üçün Azərbaycanda aparılan reklam kampaniyaları barədə verilən suala cavab olaraq bunları deyib: “Əcnəbi tələbələrin xaricdə təhsilə cəlb olunması üçün ölkələr arasında ciddi rəqabət var. Hətta təhsil sahəsində nüfuzlu ölkələr də bu sahədə rəqabət aparır. Amma xaricdə təhsil almağa gedən tələbələrimizin qarşısına ciddi tələblər qoyulmalıdır. Onların təhsil aldıqları ölkələrdə tədrisə qarşı ciddi diqqət olmalıdır. Başqa sözlə desək, onlar keyfiyyətli təhsil verən ali məktəblərdə oxumalıdırlar. Hər halda bilik səviyyəsi aşağı olan, heç bir kriteriyaya uyğun gəlməyən, qəbul prosesinin aparılmasında beynəlxalq standartlara riayət etməyən ali məktəblərdə təhsil almaq arzu olunan deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR