Azərbaycanda bank əmanətlərinin 64%-i qorunan əmanətlərdir

Azərbaycanda bank əmanətlərinin 64%-i qorunan əmanətlərdir
# 23 oktyabr 2012 14:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən bu ilin III rübündə kompensasiya olunan əmanətlərin həcmi 1 404 mln. manat olub ki, bu da əvvəlki rüblə (II rüb) müqayisədə 61,3 mln. manat və ya 4,6% çoxdur. «APA-Economics»in məlumatına görə, bu rəqəmlər ƏSF-nin Himayəçilər Şurası tərəfindən qurumun III rübünün yekunlarına həsr olunduğu tədbirdə səsləndirilib.

İclasda bildirilib ki, bu ilin III rübündə Fonda üzv olan banklarda fiziki şəxslərin ümumi əmanətləri 122 mln. manat (2,8%), qorunan əmanətlər 195 mln. manat (6,2%) artdığı halda, qorunmayan əmanətlərin həcmi 45 mln. manat (2,7%) azalıb. Nəticədə, qorunan əmanətlərin artım tempi ümumi əmanətlərin artım tempindən daha yüksək olub.

Təhlil olunan rübdə cəlb edilən əmanətlərin əsasən qorunan əmanətlərdə yerləşdirilməsi ilə yanaşı, banklarda mövcud olan qorunmayan əmanətlərin də bir qisminin tədricən qorunan əmanətlərə keçirilməsi müşahidə edilib.

Üzv banklar tərəfindən 6 362 090 əmanətçiyə xidmət göstərilir ki, onlardan da 6 006 273 nəfəri (94%-i) qorunan əmanətlərin sahibləridir. Qorunan əmanətlərin 56%-i manatda, 39%-i ABŞ dollarında, 5%-i isə avroda yerləşdirilib.

Həmçinin, fiziki şəxslərin cəmi əmanətlərinin (4,4 mlrd. manat) 64%-ni (2,8 mlrd. manatı) qorunan əmanətlər, 36%-ni (1,6 mlrd. manat) isə qorunmayan əmanətlər təşkil edib.

Hazırda Fondun sığorta ehtiyatları 51,9 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR