Mixail Saakaşvili: “Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirirəm”

Mixail Saakaşvili: “Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirirəm”
# 07 mart 2012 13:17 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. APA-nın məlumatına görə, O. Əsədov bildirib ki, Azərbaycanla Gürcüstan arasında əlaqələr sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Spiker əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edib, hər iki parlamentdəki dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.

Milli Məclis sədri regional münaqişələrdən danışıb, Azərbaycanın və Gürcüstanın seperatizmdən əziyyət çəkdiyini vurğulayıb: “Biz yalnız birgə səylər nəticəsində bu problemlərin həllinə nail ola bilərik”.

Öz növbəsində, M. Saakaşvili Azərbaycanın sürətlə inkişaf edərək, regionda lider dövlətə çevrildiyini, dünyada mövqelərinin daha da möhkəmləndiyini xüsusi qeyd edib. Ölkələr arasında münasibətlərin genişlənməsində parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətindən danışan M. Saakaşvili Azərbaycan–Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayevanın rolunu yüksək qiymətləndirib.

M. Saakaşvili bildirib ki, ötən il Gürcüstana 600 minə yaxın Azərbaycan, Azərbaycana isə 1 milyona yaxın Gürcüstan vətəndaşı səfər edib: “Bu rəqəmlər özü-özlüyündə xalqlarımız arasındakı münasibətlərin yüksək səviyyəsinin göstəricisidir”.

Görüşdə regional münaqişələr, onların həlli yolları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR