Azərbaycan prezidenti Salyanda səfərdə olub

Azərbaycan prezidenti Salyanda səfərdə olub
# 14 mart 2012 08:56 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı Salyan şəhərinin mərkəzindəki parkda Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə il ərzində görülmüş işlər barədə məlumat verilərək bildirilib ki, dövlət başçısının sərəncamı ilə ayrılan 2 milyon manat vəsait hesabına çoxmərtəbəli kommunal evlərin fasadları müasir memarlıq üslubunda təmir edilib, milli ornamentlərlə bəzədilib, küçələrdə 630 işıqlandırma dirəyi quraşdırılıb. Daxili imkanlar hesabına Ələt-Astara magistral avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində 5 min metrdən çox istinad divarı tikilib və “Gülbax” daşla üzlənib. Küçələr abadlaşdırılıb, geniş ərazidə yaşıllaşdırma işləri görülüb.

Prezident İlham Əliyev Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi bina kompleksində aparılan tikinti işlərinin gedişi ilə də tanış olub. Prezidentə məlumat verilib ki, Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi müasir memarlıq üslubunda, orijinal layihə əsasında inşa olunur. Kompleksin tikintisinə ötən ilin dekabrında başlanılıb. Üçmərtəbəli binanın qarşısında Heydər Əliyevin abidəsi ucaldılacaq. Abidənin ətrafında fəvvarə kompleksləri tikiləcək.

Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında isə 78 xidməti otaq olacaq. Burada əməkdaşların səmərəli fəaliyyəti üçün lazımı şərait yaradılacaq.

Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Daha sonra dövlət başçısı “Kür” otelinin əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Prezidentə məlumat verilib ki, oteldə əsaslı yenidənqurma işlərinə 2009-cu ildə başlanıb. Dördmərtəbəli oteldə 57 nömrə var. Nömrələr yüksək xidmət standartlarına cavab verir. Diqqətə çatdırılıb ki, otelin nəzdində şadlıq sarayı, restoran, bar-kafe və mağaza tikilib.

Qeyd edilib ki, oteldə quraşdırılmış liftlər “Gilan” MMC-nin Qəbələ lift zavodunda istehsal olunub. Burada mərkəzləşdirilmiş havalandırma sistemi, transformator quraşdırılmış, su hovuzu tikilib. Otelin ətrafı abadlaşdırılıb.

Azərbaycan prezidenti Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Uşaq Texniki Yaradıcılıq Mərkəzinin açılışına da qatılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR