Azərbaycan prezidenti Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının açılışında iştirak edib

Azərbaycan prezidenti Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının açılışında iştirak edib
# 30 may 2012 13:11 (UTC +04:00)
Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, Naxçıvan Şəhər Gömrük İdarəsi 2001-ci ildə yaradılıb. Qurum bu vaxtadək uyğunlaşdırılmış binada fəaliyyət göstərib. Tikintisinə ötən il başlanılan Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binası ən müasir avadanlıqla təchiz edilib.

Üçmərtəbəli bina gömrük orqanlarının tanınma nişanında əksini tapan açar formasında inşa olunub. Burada xidməti otaqlar, server və tədris otaqları, arxiv var. Müşahidə otağında quraşdırılan 22 nəzarət kamerası ilə eyni vaxtda müşahidə aparmaq mümkündür. Binadakı iclas, konfrans və akt zalları da müasir tələblər səviyyəsində yaradılıb. Elektron lövhələr, proyektorlar və digər informasiya texnologiyaları qurğuları ilə təchiz edilən bu zallarda müxtəlif beynəlxalq görüşlərin, seminarların və tədbirlərin keçirilməsi üçün geniş imkanlar var. İnzibati binada gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə, texniki nəzarət vasitələri, həmçinin statistika və informasiya texnologiyaları bölmələri yerləşir.

Qeyd edilib ki, dörd hektar ərazidə yerləşən bu kompleksdə inzibati bina, yük xətti, rəsmiləşdirmə binaları və gömrük laboratoriyası, kinoloji xidmət yaradılıb. Yük xəttində geniş platforma və ümumi sahəsi 2097 kv. metr olan iki anbar tikilib. Anbar binalarında “Rapiskan” tipli rentgen qurğuları quraşdırılıb. Anbarın kompyuterləri vasitəsilə mərkəzdən buradakı prosesə birbaşa nəzarət etmək mümkündür. Yük xəttində xüsusi saxlanma şəraiti tələb edən malların yerləşdirilməsi üçün hər birinin tutumu beş ton olan iki soyuducu anbar yaradılıb. İdarənin həyətində ən müasir tələblərə cavab verən tərəzi quraşdırılıb. Ərazidə yarımstansiya, qazanxana var. Bu kompleks daxili və beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin şəhərə girmədən hərəkətinə şərait yaradır, xarici ticarətin inkişaf etdirilməsi, idxal-ixrac prosedurunun sadələşdirilməsi və ümumilikdə gömrük işinin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.

Dövlət başçısına inzibati binanın birinci mərtəbəsində yaradılan avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi bölməsindəki şərait barədə məlumat verilib. Bildirilib ki, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi “bir pəncərə” prinsipi ilə həyata keçiriləcək. Bölmədə gömrük işçiləri, brokerlər, dövlət yol polisinin və notariat xidmətinin əməkdaşları fəaliyyət göstərir. Bundan başqa, burada bank filialı vardır və post-terminal quraşdırılıb. Bölmədə yaradılan şərait vətəndaşa cəmi 20 dəqiqə ərzində avtomobilinin rəsmiləşdirilməsini tam yerinə yetirməyə imkan verir. Bu, ilk növbədə insanların rahatlığı, digər tərəfdən isə şəffaflıq baxımından böyük əhəmiyyət kəsb edir. Bölmədəki xüsusi məlumat köşkündə isə vətəndaşlar gömrük bəyannaməsi yaza, çap edə və gömrük ödənişlərinin eyniləşdirilməsi nömrəsi, qanunvericilik aktları barədə Azərbaycan, ingilis və rus dillərində ətraflı məlumat əldə edə bilərlər.

İdarənin gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsi də müasir tələblər səviyyəsində qurulub. Kompleksdə operativliyin və şəffaflığın təmini üçün müraciət edən şəxslərin qəbulu ardıcıllığının müəyyən olunmasına xidmət edən elektron növbə sistemi və infoköşk yaradılıb. Bu köşkdə vətəndaşlar bəyanetmə və rəsmiləşdirməni elektron formada həyata keçirə bilərlər. Bu bölmənin fəaliyyəti də “bir pəncərə” prinsipi ilə aparılır. Burada gömrük işçiləri ilə bərabər, brokerlər, baytarlıq, fitosanitar və karantin xidmətlərinin əməkdaşları da vətəndaşlara xidmət edəcəklər. Bölmə ən son texniki nəzarət vasitələri ilə təchiz olunub. Narkotik və partlayıcı maddələrin, həmçinin gizli saxlanc yerlərinin aşkarlanması, metal və kimyəvi maddələrin tərkibini və radioaktiv sızıntıları müəyyən edən qurğular, baxış alətləri və digər müasir avadanlıq Naxçıvan Şəhər Gömrük İdarəsi əməkdaşlarına işi ən yüksək səviyyədə həyata keçirməyə imkan verəcək. Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsində iclas, seminar zalları və rəsmiləşdirməyə dair biliklərin artırılması üçün tədris otağı var.

İdarənin laboratoriyası ilə də tanış olan prezident İlham Əliyev Naxçıvan Şəhər Gömrük İdarəsində yaradılan şəraitdən razılığını bildirib və kollektivə uğurlar arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR