“Eurovision” qonaqları Azərbaycan paytaxtında villa və gəmilərdə yaşayacaq

“Eurovision” qonaqları Azərbaycan paytaxtında villa və gəmilərdə yaşayacaq
# 13 fevral 2012 09:41 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə Azərbaycan Turizm Assosiasiyasının (ATA) sədri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, artıq Mədəniyyət və Turizm Nazirliyi və ATA bunun üçün hazırlıq işləri aparırlar. Kirayə verilən mənzillərin sayı, onların neçə otaqlı olması, yaşayış şəraiti baxımından standartlara uyğun gəlib gəlmədiyi dəqiqləşdirilir: «Baxılır ki, neçə 1 otaqlı, neçə 2 otaqlı mənzillər var, onlar standartlara cavab verirlərmi və s. Sonra bütün mənzillər bir bazaya toplanır».

Bu işlər çərçivəsində müəyyən olunub ki, müsabiqə çərçivəsində gələn qonaqlara 2 minə yaxın müxtəlif otaqlı mənzil və hər biri 5-6 otaqlı olan 60-70 villa kirayəyə verilə bilər. N.Bağırov bildirib ki, bu evləri www.eurovision.az saytı vasitəsilə kirayəyə götürmək mümkün olacaq. Bunun üçün saytda müvafiq link yerləşdiriləcək. N.Bağırov müsabiqə çərçivəsində gözlənilən qonaqların spesifikasını nəzərə alaraq, onların daha ucuz yaşayış yerlərinə maraq göstərəcəyini bildirib: «Evdə qalmaq mehmanxanaya nisbətən daha ucuz olur. Üstəlik, “Eurovision” çərçivəsində gələnlərin əksəriyyəti fan klubların üzvləri və yeniyetmələrdir. Belələri qalmaq üçün dəbdəbəli hotel yox, yatmaq üçün ucuz bir yer, ucuz yemək axtarır, günü 20 avrodan otaq istəyirlər. Onu hansı mehmanxana verə bilər? Ona görə də belələri mənzillərə müraciət edəcəklər».

Müsabiqə zamanı qonaqların bir hissəsinin gəmilərdə yerləşdirilməsi də nəzərdə tutulur. Bu məqsədlə, ehtiyac olarsa, Xəzərin sahilinə 2 gəminin gətirilməsi nəzərdə tutulur: «Gəmilərin hər birində 250 nəfərlik nömrələr nəzərdə tutulur. Onlar demək olar ki, startdadır və nə vaxt lazım olsa, 15-20 günə bura çatacaq. Amma bu üsuldan da o vaxt istifadə olunacaq ki, müsabiqə zamanı ölkəmizə gözləniləndən çox turist gəlsin. Yəni görsək ki, 20 minə yaxın turist gözlənilir, o halda gətiriləcək, yoxsa gətirilməyəcək. Yəni hər şeyə hazırlıq görülüb».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR