MTRŞ sədri: “İctimai Televiziyanın xarici serialları göstərmək hüququ olacaqsa, kanala 800 min manat verilməsi nəyə lazım idi?”

MTRŞ sədri: “İctimai Televiziyanın xarici serialları göstərmək hüququ olacaqsa, kanala 800 min manat verilməsi nəyə lazım idi?”
# 07 iyun 2012 14:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “İctimai Televiziyada xarici serialların yayımlanmasına icazə verən dəyişiklik hələ qəbul edilməyib. Bu məsələ hələlik Milli Məclisin komitəsindən keçib. Milli Məclis də bunun lehinə səs verərsə, ona uyğun qərar verəcəyik”. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri qanuna təklif edilən dəyişikliyin qəti əleyhinə olduğunu bildirib: “Belə olmaz. Bu, İTV ilə digər telekanallar arasında müəyyən problem yaradacaq. Özəl kanallar yalnız reklamdan gəlir götürür. İTV reytinqli xarici seriallar göstərəndə reklamla əlaqədar problem gündəmə gələcək. Çünki digər kanallar zəif serial göstərəndə, İTV-nin reytinqli serial göstərməsi onun reytinqinə təsir edəcək. Azərbaycan dili ilə əlaqədar məsələ yenə də gündəmdə qalacaq. Rus dili və Anadolu türkcəsində olan seriallar titrlərlə müşayiət olunsa da, yenə də başqa dillərdə səslənəcək və Azərbaycan dilinin işlənməsi ilə bağlı yenidən narahatlıq yaranacaq. Belə-belə problemlər var. Ona görə də hesab edirəm ki, “seriallar” sözü qanundan çıxarılmalıdır. Dəyişiklik yalnız bədii və sənədli filmlərə, cizgi filmlərinə aid olmalıdır. Seriallarla bağlı ölkə üçün bir qərar verilib ki, yerli istehsalı stimullaşdıraq. Əgər biz İTV-yə bu hüququ verəcəyiksə, yerli istehsalı necə stimullaşdıracağıq? Çalışırıq ki, İTV yeni seriallar çəksin. Bunun üçün ona dövlət büdcəsindən 800 min manat vəsait ayrılıb. Kanalın xarici seriallar göstərmək hüququ olacaqsa, bu vəsaitin verilməsi nəyə lazım idi?”

İTV-nin Əsasnaməsində xarici serialların yayımlanmasının nəzərdə tutulduğundan MTRŞ-nın məlumatının olub-olmamasına gəlincə, Şura sədri deyib ki, Əsasnamə hazırlananda kanallarda serialların yayımının dayandırılması ilə bağlı problem yox idi: “Mövcud vəziyyət bizi belə qərar verməyə məcbur elədi”.

Qeyd edək ki, Milli Məclis “İctimai televiziya və radio yayımı haqqında” qanunda bir sıra dəyişikliklərlə yanaşı, ictimai yayım proqramlarına verilən tələblərlə bağlı dəyişiklik edəcək. Bu məsələ MM-in Mədəniyyət komitəsinin iclasında müzakirə edilib. Qanuna təklif olunan dəyişikliyə görə, İctimai Televiziyada dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır. Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində sub-titrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.

Təklif qəbul edilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR