Hüquq müdafiəçiləri Oqtay Gülalıyevlə bağlı məhkəməyə müraciət ediblər

Hüquq müdafiəçiləri Oqtay Gülalıyevlə bağlı məhkəməyə müraciət ediblər
# 12 aprel 2012 14:43 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri “Kür” Vətəndaş Cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyevvlə bağlı Şirvan Apellyasiya Məhkəməsinə məktubla müraciət ediblər. Bu barədə APA-ya hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib. Məktubda apellyasiya şikayətinə baxılarkən O. Gülalıyevin QHT sektorunun nümayəndəsi olmasını, həmçinin hüquq müdafiəçilərinin onun həbsdən azad olunmasını arzuladıqlarının nəzərə alınması xahiş olunub.
Məktubu hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səadət Bənənyarlı və Çingiz Qənizadə imzalayıblar.

Qeyd edək ki, O. Gülalıyev Sabirabad rayonunun Minbaşı kəndinin bir qrup sakininin rayon Polis Şöbəsinə etdiyi müraciətlərindən sonra saxlanılıb. Kənd camaatı polisə ünvanladığı şikayətdə bildiriblər ki, Oqtay Gülalıyev aprelin 8-də saat 13 radələrində kəndə gələrək kənd camaatının ünvanına xoş olmayan ifadələr səsləndirib.

O. Gülalıyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozma və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə törədildikdə) maddəsi ilə təqsirli bilinib və barəsində toplanmış materiallar rayon Məhkəməsinə göndərilib. Sabirabad Rayon Məhkəməsi O. Gülalıyev barəsində inzibati qaydada 12 günlük azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirib. Həmin qərardan isə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilib. Şikayətə yaxın günlərdə baxılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR