İran prezidenti zəlzələ bölgəsində olub

İran prezidenti zəlzələ bölgəsində olub
# 24 avqust 2012 12:26 (UTC +04:00)
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, səfərdə M. Əhmədinejadı daxili işlər naziri Mustafa Məhəmməd Nəccar, yollar və şəhərsalma naziri Əli Nikzad, kənd təsərrüfatı naziri Sadiq Xəlilian, islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni, İran prezidentinin müavini Behruz Muradi və İran Qızıl Aypara Cəmiyyətinin sədri Məhəmməd Fəqih müşayiət ediblər.

Bölgənin əsasən iki kəndində - Zəğnabad və Zəngabadda təbii fəlakətdən zərər çəkmiş vətəndaşlarla görüşən İran prezidenti bildirib ki, vəziyyətlə yaxından tanış olub: “Bölgə əhalisinə yardımlar daha da sürətləndiriləcək. Əgər bir qüsur varsa, xalqın və dövlətin köməyi ilə aradan qaldırılacaq. Çünki zəlzələ təbii fəlakətdir. Hər kəs ciddi narahatlıq keçirir və zərər çəkir. İnşallah tezliklə xalqın səfərbərliyi nəticəsində onun fəsadları aradan qaldırılacaq. Zəlzələdə ölənlər bir daha geri qayıtmayacaq, ancaq inşallah ağrı-acılar unudulacaq. Hər şeydən əvvəl mühüm olanı evlərin yenidən inşası və sakinlərə təhvil verilməsidir. Çünki bölgədə soyuqlar tez düşəcək. Əlbəttə çadırlar var, ancaq çadırların da sobalarla təchiz edilməsi lazımdır. Bu gün rəsmilərə tikinti işlərinin tezliklə başladılması barədə tapşırıq vermişəm”.

Qeyd edək ki, avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Nəticədə rəsmi rəqəmlərə görə, 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR