Azərbaycan çempionu “Barselona” ilə eyni qrupa düşdü

Azərbaycan çempionu “Barselona” ilə eyni qrupa düşdü
# 13 sentyabr 2012 14:56 (UTC +04:00)
Bakı – APA. Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan çempionu “Araz”ın da rəqibləri müəyyənləşib.

Püşkatmada 16 komandanın növbəti mərhələdəki rəqibləri bilinib. Son illərin dəyişməz ölkə çempionu olan Naxçıvan təmsilçisi A qrupuna düşüb. Joze Alesionun da Silvanın yetirmələri ötən mövsüm onları elə bu mərhələdə dayandıran İspaniya “Barselona”sı ilə eyni qrupda mübarizə aparacaq. Həmin vaxt təmsilçimiz sonda 1-ci olan kataloniyalılarla heç-heçə etsə də (2:2), digər oyunlardakı nəticələrə görə qrupda qalmışdı.

Lakin bu dəfə oyunlar Barselonada deyil, Sloveniyada keçiriləcək. Belə ki, A qrupunun oyunlarına Sloveniyanın “Litija” klubu ev sahibliyi edəcək. “Araz”, “Barselona” və “Litija” ilə eyni qrupda mübarizə aparacaq 4-cü komanda isə Xorvatiya təmsilçisi “MNK Split” olacaq.

Digər qrupların oyunlarına isə İspaniyanın “Mursiya”, Serbiyanın “Ekonomak” və Gürcüstanın “İberiya” komandaları ev sahibliyi edəcək.

A qrupu: “Barselona” (İspaniya), “Araz” (Azərbaycan), “Litija” (Sloveniya), “MNK Split” (Xorvatiya)

B: “Kayrat” (Qazaxıstan), “Ekonomak” (Serbiya), “Xrudim” (Çexiya), “Slov-Matik” (Slovakiya)

C: “Mursiya” (İspaniya), “Dinamo” (Moskva, Rusiya), “Energiya” (Ukrayna), “Nikars” (Latviya)

D: “Benfika” (Portuqaliya), “Luparense” (İtaliya), “Dyor” (macarıstan), “İberiya” (Gürcüstan)

Qeyd edək ki, oktyabrın 9-14-də baş tutacaq mərhələnin yekunlarına əsasən yalnız qrup qalibləri “Dördlər finalı”na çıxacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR