Azərbaycan Mərkəzi Bankı: «Royal Bank»ın lisenziyasının ləğv edilməsi öhdəliklərini icra edə bilməməsi ilə bağlıdır

Azərbaycan Mərkəzi Bankı: «Royal Bank»ın lisenziyasının ləğv edilməsi öhdəliklərini icra edə bilməməsi ilə bağlıdır
# 13 iyul 2012 15:06 (UTC +04:00)
AMB-dən «APA-Economics»ə verilən məlumatda bildirilir ki, lisenziyanın ləğv edilməsi bankın bir sıra tələblərə cavab verməməsi ilə bağlıdır.

«Məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə «Banklar haqqında» qanunun 16.1-ci, 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu, 16.1.16-cı və 16.1.18-ci maddələri rəhbər tutularaq, «Royalbank»ın bank lisenziyası ləğv edilib», - deyə məlumatda bildirilir.

Adı çəkilən qərarla 2012-ci il 13 iyul tarixindən «Royal Bank» ASC-yə müvəqqəti inzibatçı təyin edilib. Müvəqqəti inzibatçı bankın baş ofisinin yerləşdiyi ünvanda fəaliyyət göstərir (Bakı şəhəri, Hüseyn Cavid pr-ti,5).

AMB-dən bildirilib ki, «Royal Bank» barəsində iflas proseduralarının başlanması üçün Mərkəzi Bank məhkəmə orqanlarına bankın müflis elan edilməsi və kreditorları qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi barədə ərizə ilə müraciət edəcək: «Banklar haqqında» qanununun 62.3-cü maddəsinə əsasən, iflas proseduralarının başlanmasına dair ərizə Mərkəzi Bank tərəfindən verildikdən sonra bank barəsində dərhal moratorium qüvvəyə minmiş hesab olunacaq».

Qeyd edək ki, «Royal Bank» ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Qanunvericiliyə əsasən, «Royal Bank»ın qorunan əmanətləri üzrə əmanətçilərə kompensasiyaların ödənilməsi proseduralarına başlanılması üçün artıq Əmanətlərin Sığortalanması Fondunda lazımi tədbirlər görülür. Əmanətlər üzrə kompensasiyaların ödənilməsi barədə əlavə məlumat veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR