Vidadi İsgəndərlinin cəzası 1 ay azaldılıb

Vidadi İsgəndərlinin cəzası 1 ay azaldılıb
# 14 sentyabr 2012 16:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Vəkil Xalid Bağırov həbsdə olan deputatlığa keçmiş namizəd Vidadi İsgəndərli ilə görüşüb. Bu barədə APA-ya X. Bağırovun özü məlumat verib. O, V. İsgəndərlinin cəzasının 1 ay azaldıldığını bildirib: “Onun ittiham olunduğu maddələrdən biri də Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi idi. Həmin maddə ilə ona 4 ay həbs cəzası verilib. Sentyabrın 12-də Qaradağ rayon Məhkəməsinin hakimi cəzaçəkmə müəssisəsində məhkəmə keçirərək, Vidadi İsgəndərlinin cəzasını 1 ay azaltmaq barədə qərar qəbul edib. Lakin biz bundan narazıyıq. Çünki ona həmin maddə əsasında verilən həbs cəzası bütünlükdə ləğv olunmalı idi. Bununla bağlı apellyasiya şikayəti verəcəyik” .

Qeyd edək ki, Göyçay rayon Məhkəməsinin hökmü ilə V. İsgəndərov 3 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilib. Lakin şikayət təmin olunmayıb.

İttihama görə, 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasından Vidadi İsgəndərli barəsində daxil olmuş məlumat əsasında Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb. Bu il mayın 2-də Vidadi İsgəndərliyə qeyd edilən maddələri ilə ittiham olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR