İkiqat Asiya çempionu Azərbaycanda oynayacaq

İkiqat Asiya çempionu Azərbaycanda oynayacaq
# 24 avqust 2012 11:41 (UTC +04:00)
Bakı – APA. “Azərreyl”in ikinci komandası sayılan “Azəryolservis” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Yaponiya millisinin voleybolçusunun keçidini həll ediblər.

Belə ki, “Azərreyl” Asiya yığmasının liberosu Akiko İnonu transfer etdikdən sonra, Super Liqada 2-ci mövsümünü keçirəcək Aleksandr Çervyakovun komandası yaponların toppaylayıcısı Hiroko Matsuura ilə anlaşıblar. 22 yaşlı voleybolçu ilə 1 illik rəsmi müqavilə bağlanıb.

Maraqlıdır ki, İno kimi Matsuura da son mövsümü “Red Rockets”də keçirib və 2011-ci ildə Yaponiya çempionatının gümüş medalına sahib olub. “Azəryolservis”in 180 sm boya malik yeni transferi, həmçinin yığmasında 2007-ci ildə yeniyetmələr, 1 il sonra gənclər arasında Asiya çempionatının qızıl medalını qazanıb. Daha sonra Hiroko Yaponiyanın əsas millisindən dəvət alıb və Qran-pri turnirində gücünü göstərib.

Son 3 mövsümü “Red Rockets” keçirən Matsuura Azərbaycana gəlməklə, ilk dəfə ölkə xaricində oynayacaq. O, daha öncə “Kumamoto” və “Higaşikyuşu” klublarının uğurları üçün çalışıb.

Qeyd edək ki, “Azəryolservis”də Hirakonun gəlişi ilə voleybolçularının sayı 8-ə çatıb. Onlar daha öncə Karlo Rueda (Peru), Aynur Kərimova, Oksana Kiselyova, Odina Əliyeva, Yelena Parxomenko, Anastasiya Qurbanova (hamısı Azərbaycan), Vendula Adlerova (Çexiya) və Tamas Cenefferlə (ABŞ) müqavilə bağlamışdı.

Azərbaycan millisinin bazasına çevrilməyi planlaşdırılan, lakin əcnəbiləri də heyətinə qatan komandanın güclənməsini isə başa düşmək çətin deyil. Bəlkə də bu gediş bu günlərdə fəaliyyətini dayandıracağı gözlənilən “Bakı”nı CEV kubokunda layiqincə əvəzləməyə hesablanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR