Almaniyanın xarici işlər naziri: Qaçaqmalçılıq İrana qarşı sanksiyanın təsirini azaldır

Almaniyanın xarici işlər naziri: Qaçaqmalçılıq İrana qarşı sanksiyanın təsirini azaldır
# 26 mart 2012 21:44 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Qaçaqmalçılıq yolu ilə İrana mal aparılması bu ölkəyə tətbiq edilən sanksiyaların təsirini azaldır”. APA-nın məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri Qido Vestervelle deyib. O bildirib ki, Omandan İrana qaçaqmalçılıq yolu ilə mal aparılır. Bu səbəbdən də Q. Vestervelle Oman dövlətindən İrana qaçaqmalçılıq yolu ilə mal keçirilməsinin qarşısının alınmasını istəyib: “İrana qarşı sanksiyalar öz təsirini göstərir. Lakin qaçaqmalçılıq yolu ilə bu ölkəyə mal aparılması sanksiyaların təsirini azaldır. Sanksiyaların ölkələr tərəfindən icra edilməsi İranın mübahisəli nüvə proqramının qarşısını alacaq. Biz çalışırıq ki, başqa ölkələr də bu məsələdə bizimlə həmrəy olsunlar”. Q. Vestervelle əlavə edib ki, İranın nüvə proqramının həlli siyasi yolladır: “Avropa Birliyi sanksiyalarla yanaşı, İranla “altılıq” ölkələri arasında müzakirələrin tərəfdarıdır”.
Qeyd edək ki, İranla “altılıq” ölkələr arasında ən son müzakirə İstanbulda keçirilib və nəticəsiz başa çatıb. Yeni müzakirənin 2012-ci ilin aprel ayında başlayacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR