Bakıda Avstriya və Azərbaycanın turizm imkanlarına həsr olunmuş “Dostluq konfransı” keçirilib

Bakıda Avstriya və Azərbaycanın turizm imkanlarına həsr olunmuş “Dostluq konfransı” keçirilib
# 19 oktyabr 2012 08:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) təşkilatçılığı ilə iki ölkənin turizm imkanlarına həsr olunmuş “Dostluq konfransı” keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə hər iki ölkə tərəfdən turizm, logistika, tikinti və memarlıq sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edib. Konfransın keçirilməsində məqsəd Azərbaycan və Avstriyanın mövcud turizm imkanlarının təqdim olunması, bu sahədə perspektiv layihələrin və iş adamları arasında əlaqələrin genişləndirilməsi imkanlarının müzakirə edilməsidir.

ATAZ-ın Fəxri Şurasının sədri Peter Şieder Azərbaycan və Avstriya arasında iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib. O, hər iki ölkənin geniş turizm imkanlarına malik olduğunu və bu potensialdan səmərəli istifadənin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycanın zəngin turizm imkanlarına malik olduğunu, bu sahənin inkişafına böyük diqqət yetirildiyini bildirib. O qeyd edib ki, 2001-ci ildə Azərbaycanda 69 mehmanxana fəaliyyət göstərirdisə, 2006-cı ildə bu rəqəm 288-ə, 2012-ci ilin birinci yarısında isə 506-ya çatıb və hazırda ölkə ərazisində 50-yə yaxın mehmanxana inşa edilir: “Hazırda Azərbaycanda fəaliyyət göstərən mehmanxanalarda yataq yerlərinin sayı 31 850, orda çalışan işçilərin sayı isə 6013 nəfər təşkil edir”.

Avstriyanın Azərbaycandakı səfiri xanım Silviya Meyer-Kajbik Azərbaycan-Avstriya əməkdaşlığı, o cümlədən turizm sahəsində əlaqələr barədə məlumat verib. Təkcə 2011-ci ildə Avstriyaya 34,6 mln. turist gəlib və turizm sahəsində 30,5 mlrd. avro gəlir əldə olunub.

Konfrans çərçivəsində keçirilən sessiyalarda hər iki ölkənin turizm imkanları, bu sahədə həyata keçirilən layihələr, Avstriyanın turizm sahəsində təcrübəsi, idman və mədəniyyət tədbirlərinin turizmin təbliğindəki rolu, kadrların hazırlanması və s. barədə müzakirələr aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR