Azərbaycanda “duty-free" mağazalarının iş qaydaları təsdiqlənib

Azərbaycanda “duty-free" mağazalarının iş qaydaları təsdiqlənib
# 19 noyabr 2013 09:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. Nazirlər Kabineti “Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları”nı təsdiq edib.

APA-nın verdiyi məlumata görə, rüsumsuz ticarət mağazalarında (“duty-free") idxal gömrük rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş və şəxsi istifadə (istehlak) üçün nəzərdə tutulan mallar satılacaq.

Mağazanın ərazisi (ticarət zalları, köməkçi otaqlar və anbarlar) gömrük nəzarəti zonası hesab edilir və həmin ərazidə yerləşdirilən mallar gömrük nəzarəti altında olacaq. Mağazanın fəaliyyətinə nəzarət onların yaradıldığı ərazi üzrə gömrük orqanı tərəfindən həyata keçiriləcək. Mağazanın yaradılmasına icazə Dövlət Gömrük Komitəsi tərəfindən verilir. İcazənin alınması üçün “İnzibati icraat haqqında” qanunun tələbləri nəzərə alınmaqla, kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. İcazə 5 il müddətinə verilir. Qüvvədə olan icazənin müddətinin bitməsinə 3 ay qalmış yeni icazənin alınması üçün müraciət edilə bilər. Mağazalar beynəlxalq hava limanının, beynəlxalq dəniz limanının, gömrük sərhəd buraxılış məntəqələrinin və xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin və konsulluqlarının başçıları və diplomatik heyətinin üzvləri, habelə onlarla birlikdə yaşayan ailə üzvləri üçün digər gömrük nəzarəti zonalarında yaradıla bilər. Mağazada olan malların uçotu Nazirlər Kabinetinin 2013-cü il 12 iyul tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş “İcazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu aparması Qaydaları”na uyğun olaraq mağazanın sahibi tərəfindən aparılır.

Mağazanın sahibi 3 ayda bir dəfədən az olmayaraq, mağazaya daxil olmuş və satılmış mallar barədə gömrük orqanına məlumat verir. Fiziki şəxslər gömrük ərazisinə daxil olarkən, onların mağazadan aldıqları malların gömrük dəyəri Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda nəzərdə tutulmuş həddən artıq olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada gömrük idxal rüsumları və vergilər ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR